Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı 27 sentyabr – Anım Günü ilə əlaqədar “Vətən sağ olsun!” mövzusunda tədbir keçirib.Rayon mərkəzi xəstəxanasında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının (RİH) müavini Aynur Abdullayeva, tibb işçiləri və şəhid ailələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev 27 sentyabr - Anım Gününün Azərbaycan xalqı üçün şərəfli və qürurlu bir tarix olduğunu bildirib. Qeyd olunub ki, bu şanlı tarix Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsini yad etmək və onların fədakarlığını gələcək nəsillərə çatdırmaq baxımından böyük mənəvi dəyərə malikdir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva öz nitqində 1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi çətinliklərdən bəhs edərək, dövlətçiliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. A.Abdullayeva söyləyib ki, Ulu Öndərin siyasi irsi Azərbaycan Respublikasının inkişaf strategiyasının təməlini təşkil edir, ölkəmizin suveren, güclü və müasir bir dövlətə çevrilməsində əhəmiyyətli rol oynayır. O, 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsinə xüsusi yer ayıraraq, Azərbaycan Ordusunun xalqın birliyi, dövlətin gücü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi ədalətiin bərpa olunmasına nail olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşərək, bu Qələbənin minlərlə qəhrəman övladımızın canı və qanı bahasına əldə edildiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Biz” adlı tarixi-sənədli film nümayiş etdirilib.