2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyunca əks-hücuma keçdi. Bu əməliyyatlar, 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal edilən ərazilərin azad olunmasına yönəlmişdi. Tezliklə Vətən müharibəsinə çevrilən və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycanın parlaq Qələbəsi ilə nəticələndi. Ordumuz igidlik və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və milli ruhu səfərbər edən çıxışları bu Zəfərin memarlarından biri kimi tarixə düşdü.
İkinci Qarabağ müharibəsi təkcə bir hərbi qələbə deyil, həm də müasir döyüş strategiyalarının yeni mərhələsidir. Azərbaycan Ordusunun tətbiq etdiyi manevrli, müasir texnologiyalara əsaslanan döyüş taktikası dünya hərb tarixində yenilik kimi qiymətləndirilir. Xüsusilə pilotsuz uçuş aparatlarının və “ağıllı silah”ların effektiv istifadəsi müharibənin gedişinə ciddi təsir göstərdi. Bu uğurlu taktika artıq bir sıra ölkələrin ali hərbi məktəblərində dərs mövzusu kimi öyrənilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun modernləşdirilməsi bu müasir yanaşmanın əsas təməlini təşkil etdi.
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə sadəcə hərbi nailiyyət deyil, həm də milli kimliyin, birlik ruhunun simvoludur. Dövlət başçımızın 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə yeni orden və medullar təsis olundu. Bu mükafatlar döyüşlərdə iştirak edən qəhrəmanların şücaətini əbədiləşdirir. Həmin sərəncamla təsis edilən Anım Günü isə şəhidlərimizə olan sonsuz ehtiramın bariz ifadəsidir. Hər il 27 sentyabrda xalq olaraq bir daha təsdiqləyirik ki, bu torpaqlar uğrunda can verənlərin qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Vətən müharibəsi bitdikdən sonra dövlətin əsas prioritetlərindən biri də şəhid ailələrinin və qazilərin social müdafiəsi oldu. Onların həyat şəraitinin yaxşılaşdırılması, müalicəsi və ehtiyaclarının qarşılanması məqsədilə ardıcıl addımlar atılır. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “YAŞAT” Fondu minlərlə hərbçinin ehtiyacını qarşılayıb, onların yanında olub. Bu fond təkcə maddi dəstək deyil, həm də mənəvi dayaq, dövlətin və xalqın minnətdarlığının təcəssümüdür. Azərbaycan bu müharibədə təkcə özü qələbə qazanmamış, həm də ümumbəşəri humanist dəyərlərin qələbəsini təmin etmişdir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri