PDF Oxu

Siyasət

  • 1 142

Azərbaycanın Zəfər yürüşü

image

30 ilə yaxın müddət idi ki, torpaqlarımız Ermənistanın işğalı altında idi. Ermənistan hökuməti separatizm meyllərindən, təcavüz amilindən öz maraqları üçün istifadə edirdilər. Separatizmə rəvac verən bəzi böyük dövlətlərin və həmçinin bir sıra beynəlxalq təşkilatların ikili standartlar siyasəti sülhsevər Azərbaycan xalqının “səbir kasasına” son damçılarını da əlavə etdi. Xalqımızın siyasi səbr limiti tükəndi. Ermənistanla olan sərhədimizdə düşmən tərəfindən aparılan təxribatlar səngimək bilmirdi. İşğalçı dövlətin yeni ərazi iddiaları meydana çıxmışdı. Xalqımız həmrəylik nümayiş etdirərək, ortaya sarsılmaz siyasi iradə nümunəsi qoyub işğal faktı ilə barışmadı. 2020-ci il sentyabr ayının 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq və ərazilərimizi işğaldan xilas etmək üçün ordumuz əks-hücum əməliyyatlarına başladı. Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi. Təmas xətti boyu baş verən qarşıdurmalar İkinci Qarabağ müharibəsinə çevrildi.

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizin böyük rəşadəti, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının uğurlu qələbəsinə səbəb oldu. Erməni işğalçılarına sarsıdıcı zərbələr endirildi. Düşmən ordusu darmadağın edildi.Yaşayış məntəqələri, strateji yüksəkliklər ard-arda azad edildi. 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı rayonları və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları erməni əsarətindən azad edildi. Azərbaycan xalqı müzəffər Ali baş komandanın rəhbərliyi ilə 28 il davam edən hərbi-siyasi əsarətdən xilas oldu. Separatçılığın kökü kəsildi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak oldu, yüz nəfərdən artıq hərbi qulluqçu itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçu yaralanaraq sağlamlığını itirdi. İşğal altında olan torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncamla hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu tarix şəhidlərimizin xatirəsini yad etməklə yanaşı, həm də Azərbaycanın qələbəsinin möhtəşəm olmasını təmin edən xalqımızın milli birliyinin, vətənə olan sevgisinin izharıdır. Vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə almış Azərbaycan gəncliyinə hörmətin ifadəsidir.
Vətən müharibəsindəki şanlı qələbə təkcə torpaqlarımızın işğaldan azad edilməsi yox, həm də milli qürurumuzun, milli ləyaqətimizin bərpa olunduğu, respublikamızda yeni reallıqların yarandığı, yeni inkişaf mərhələsinə addım atmağımızın başlanğıcıdır. Ona görə də 27 sentyabr eyni zamanda haqlı və şərəfli mübarizədə Azərbaycan xalqının Prezidentin və Ordunun ətrafında birlik və həmrəylik nümayiş etdirərək bir yumruq kimi birləşdiyini göstərən bir qəhrəmanlıq simvolu, milli birlik, milli güc və həmrəylik günüdür.

İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri

Digər xəbərlər