PDF Oxu

Siyasət

  • 563

Nyu -Yorkdan dünyaya mesajlar!

image

Prezident İlham Əliyev: "Sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq"

Böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan beynəlxalq münasibətləri, diplomatik əlaqələri də uğurla inkişaf etdirir. Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində görülən işlər diqqətə layiqdir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının da üzvüdür. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair müştərək öhdəliyimizə öz töhfəsini verməklə bərabər, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı münasibətlərin yüksələn xətlə inkişafının nümunəsidir. Dövlətimizin başçısı BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı "Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam", - deyə bildirib. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizinin Ermənistanın hərbi işğalı altında qaldığını bildirən Azərbaycan Prezidenti Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını bildirib.

"AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BEYNƏLXALQ HÜQUQA VƏ BMT TƏHLÜKƏSİZLİK ŞURASININ MÜVAFİQ QƏTNAMƏLƏRİNƏ UYĞUN OLARAQ BƏRPA ETDİ"

Sülh və təhlükəsizlik istiqaməti üzrə Azərbaycan-BMT əməkdaşlığında ən ümdə məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın güc tətbiqinə son qoyulmasına və ölkənin ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq dəstək əldə etmək olmuşdur. BMT beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi məqsədindən irəli gələrək, Ermənistan-Azərbaycan münaqişəsinə dair bir sıra qətnamə və sənədlər qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Bu qətnamələr yalnız kağız üzərində qaldı və heç vaxt icra edilmədi. "Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı", - deyən Prezident bildirib ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi: "Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu".

Azərbaycan uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışdı. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə işğal altında olan torpaqlarımızı düşmənlərdən təmizləyə bildik. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması nəticəsində xalqımız öz torpaqlarına sahib oldu. "Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi", - deyə Azərbaycan Prezidenti bildirib.

44 günlük müharibə dövründə də erməni vandallığının, terrorunun acılarını da yaşadıq. Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının təzahürüdür. Ermənistanın ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq dünyanın nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə yer aldı. Ermənistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə aldı.

"ƏRAZİ BÜTÖVLÜYÜNÜN VƏ SUVERENLİYİN QARŞILIQLI ŞƏKİLDƏ TANINMASI ƏSASINDA ERMƏNİSTANLA MÜNASİBƏTLƏRDƏ YENİ SƏHİFƏ AÇMAĞA HAZIR OLDUĞUNU BƏYAN ETDİ"

"2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü", - deyən Prezident diqqətə çəkib ki, Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürəərək, sülh müqaviləsi layihəsini təqdim etdi. Azərbaycan Prezidentinin vurğuladığı kimi, "Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi".

"REGİONAL BAĞLANTILAR DAVAMLI SÜLH İSTİQAMƏTİNDƏ BAXIŞLARIMIZIN ƏSASINI TƏŞKİL EDİR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7-8 avqust 2025-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfəri ikitərəfli münasibətlərdə və regional sülh prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmış, tarixi qərarlar qəbul edilmiş və Azərbaycanın milli maraqlarının qorunması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Prezident İlham Əliyev səfərin nəticələrini "tarixi nailiyyət" kimi xarakterizə edərək, ABŞ ilə strateji tərəfdaşlığın qurulmasının Azərbaycan üçün böyük imkanlar və öhdəliklər yaratdığını vurğulamışdır. "Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır", - deyə Prezident bildirib.

Səfər zamanı həmçinin ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqi dayandırılmışdır. 1992-ci ildə qəbul edilmiş bu düzəliş Azərbaycanı ədalətsiz sanksiyalara məruz qoymuşdu və onun ləğvi ikitərəfli münasibətlərdə mənfi mirası aradan qaldırmaq baxımından rəmzi əhəmiyyət daşıyır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır.

Ümumilikdə, bu səfər Azərbaycanın qlobal arenada mövqeyini möhkəmləndirmiş və Cənubi Qafqazda sabitlik və rifahın təmin edilməsinə töhfə vermişdir. Gələcəkdə Strateji İşçi Qrupunun fəaliyyəti və sülh sazişinin imzalanması bu nailiyyətləri daha da dərinləşdirəcəkdir.

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və ordumuzun gücü qüdrəti ilə Zəfər tariximiz yazdıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Bu gün Azərbaycan işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bununla da Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti və nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasətinə əsaslanan geniş tikinti-quruculuq işləri aparılır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı"na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinin Baş planları hazırlanıb.

"BEYNƏLXALQ HÜQUQA ƏSASLANAN SÜLH VƏ İNKİŞAF, DÖVLƏTLƏRİN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAMA, QARŞILIQLI HÖRMƏT VƏ ƏMƏKDAŞLIQDIR"

Bu gün Azərbaycan xalqı rahat nəfəs alır. İşğal altında olan torpaqlarımız azad olunub. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. "Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verildi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır", - deyə Prezident bildirib.

Yeni reallıqlar yaradan bütöv və suveren Azərbaycan yeni dövrə qədəm qoyub. "Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq", – deyən Azərbaycan Prezidenti qeyd edib ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur: "Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər