PDF Oxu

Siyasət

  • 477

Azərbaycan III MDB Oyunlarına start verir

image

Azərbaycanın beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara ev sahibliyi etməsi ölkəmizin elmə, təhsilə, mədəniyyətə, idmana və digər sahələrə olan diqqəti ilə yanaşı, bu və ya digər sahələrdə qazanmış olduğu uğur və nailiyyətlərin təsdiqidir. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan təşkilatçılıq, təhlükəsizlik, iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlərin yüksək səviyyədə təşkili öz həllini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. Prezident İlham Əliyevin dediyi kimi: "İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir".

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçməsi təsadüfü hal deyil.Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Ölkəmizin ev sahibliyi etdiyi idman tədbirlərinin sayı ildən-ilə artır. Respublikamız artıq özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi təsdiq edib. Azərbaycan dəfələrlə dünyanın hər yerindən ən yaxşı idmançıları və minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib. Müxtəlif illərdə Azərbaycan 2015-ci il birinci Avropa Oyunlarına, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına, 2019-cu il UEFA Avropa Liqasının finalına, 2020-ci il futbol üzrə Avropa çempionatının dörd matçına, 2016-cı ildən Bakıda hər il keçirilən Formula 1 yarışlarına ev sahibliyi edib. Bütün bu hadisələr Azərbaycanın regionun idman mərkəzi kimi imicini gücləndirməklə yanaşı, ölkəmizin yüksək səviyyədə təşkilatçılıq, inkişafı etmiş infrastruktur və qonaqpərvərliyini nümayiş etdirdi.

III MDB OYUNLARI GƏNCƏDƏ

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına start veriləcək. 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq. Ölkəmizin ikinci böyük şəhəri olan Gəncə bu gün, sözün əsl mənasında, özünün yeni inkişaf dövrünü yaşayır. Son illər şəhərdə aparılan geniş abadlıq və quruculuq işləri demək olar, bu qədim şəhərin simasını başdan-başa dəyişib. Salınan yeni park və xiyabanlar, əsaslı şəkildə yenidən qurulan küçə və prospektlər, eləcə də ən müasir üslubda inşa edilən binalar Gəncəni Avropanın inkişaf etmiş şəhərləri səviyyəsinə yüksəldib.

Qeyd edək ki, MDB Oyunlarının keçirilməsi üçün Gəncə Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.

Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə "Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdı. Qeyd edək ki, Gəncə şəhər stadionu Azərbaycanın ən böyük klub stadionudur. 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran "Kəpəz" futbol klubunun çempionat ərzində 18 ev oyununu Gəncə şəhər stadionundan 240 min 650 azarkeş izləyib. Ən çox tamaşaçı 2016-cı il fevralın 14-də XXI turda keçirilən "Kəpəz"–"Qarabağ" görüşündə qeydə alınıb – 20 min 400 tamaşaçı.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrıldı. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcuddur. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulub. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılıb. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunub. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.

Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.

MÜZƏFFƏR ÖLKƏNİ TƏMSİL EDƏN İDMANÇILARIMIZ

İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan: "Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır".

Müasir dövrümüzdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu.

"Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik" – deyən Prezident qeyd edib ki, siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz: "Bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq".

ƏN MÜASİR İDMAN İNFRASTRUKTURU

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. İdmana ayrılan diqqətin nümunəsidir ki, mötəbər idman yarışları, tədbirlər ölkəmizdə davamlı olaraq təşkil olunub. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.

Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. "Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm", - deyə Azərbaycan Prezidenti bildirib. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir". Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir.

QÜDRƏTLİ VƏ TƏHLÜKƏSİZ MƏKAN

Son illərdə dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. uğurla keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Bütün bu uğurlar onu göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir. Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər