Köşə

  • 902

Ölüm son deyil

image

Lalə Mehralı

Günə kədərli xəbərlə başlamağa alışdıq, böyük təəssüf hissi ilə işləməyə, gün boyu nakam köçən tanışımızı xatırlayaraq kədərlənməyə də həmçinin. Nəsiman Yaqublunun ölüm xəbərini aldıq bu gün də. "Alim öldü, aləm öldü" bu gün. Ölüm bizdən öləcəyinə ehtimal verməyəcəyimiz insanları alıb aparır. Dünən söhbətləşdiyimiz, deyə-gülə ayrıldığımız adamlar axşam yatır, səhər oyanmır. Qəfil qəzaya tuş gələn nə qədər insan ayrılır aramızdan. Xəstəliyindən bixəbər olduğumuz dostlarımız çoxalır, sizcə də elə deyil? Uzun illərdir tanıdığımız insanların aylardır xəstə olduğunu, amma hamıdan gizlətdiyini öyrənəndə o artıq bu dünyadan getmiş olur. Dünən vardılar, bu gün yox...

Ölümün mütləq son və yeni başlanğıc olması barədə çox yazılıb, həqiqi ruhi biliklər, böyük filosoflar, mütəfəkkirlər bu barədə şərhlər verib. Ölüm yox olmaq deyil, yenidən doğulmaqdır. Əgər təsadüfü kimdənsə “ölümdən qorxursanmı?”, - deyə soruşsaq cavabı bəllidir: “qorxuram”. Çünki ölüm bilinməzdir, naməlumdur, gedib görmədiyimiz, tanımadığımız yerdir. Biz ölümdən sonrakı qeyri-müəyyənlikdən qorxuruq. İllərlə bizə aşılanan cəhənnəmdən, qır qazanından, qəbir əzabından, ölüm anında yaşaya biləcəklərimizdən qorxuruq.

Bizə həqiqi ruhi biliyi, ölümün son olmadığını, ölümün, əslində, qurtuluş olduğunu izah etmədilər, elm və dinlər bir-biri ilə boğuşmaqdan buna fürsət tapmadı. İnsan yaranışının hər dövründə ilahi inanca, ümidə, sığınmaya, inanmaya, işığa ehtiyac duyub. Dinlər və ruhi biliklər də məhz bu ehtiyacdan yaranıb. Din ruhi bilik verməlidir və əgər bunu bacarmırsa məhvə məhkumdur. Din Tanrıdan, yaradılışdan, ruhdan bəhs etməlidir, insanlara bu haqda bütün suallarını cavablaya biləcək dərinlikdə olmalıdır. Din Tanrı qatından danışmalıdır, Tanrını təsvir etməlidir, onun dərgahının özəlliklərindən bəhs etməlidir.

Din qorxu və xof aşılamamalıdır, din ibadət etməyəni qır qazanında, cəhənnəm odunda yanmaq ilə hədələməməlidir. Din ibadət edənə maddi həzlər vəd etməməlidir, mömin olana süd çayı kənarında qızıl taxt boyun olmamalıdır. Ömrünü ibadətə həsr edən həqiqi möminə 40 məlaikə verəcəyi barədə şirnikləndirməməlidir. Axı bütün bunlar maddi həzdir, əgər din öz mömin bəndəsinə bunları vəd edirsə, bu, o deməkdir ki, sən Tanrı qatına layiq deyilsən. Axı o maddi deyil, ruhi bilik axtarırsansa bu vədlərə aldanmamalısan.

Ölümdən qorxmayan insanlar kamilləşmiş insanlardır. Kamillik təhsillə, savadla olmur, ömrü boyu yaşadığı kənddən çıxmayan, amma kamilliyin ən uca nöqtəsinədək yüksələn insanlar bilir ölümün qorxulu olmadığını. Biz, əslində ölümdən yox, əzizlərimizi tərk edib getməkdən qorxuruq. Sevdiklərimizi bir daha görə bilməməkdən, onlara toxuna bilməməkdən qorxuruq. Axı sevgimizi toxunmaqla, tumarlamaqla, öpməklə, qucaqlamaqla göstəririk adətən. Biz sevgimizi maddi həzlər üzərində qururuq, çünki insanlar maddi olmayan heç nəyə inanmır. Yüz dəfə “sevirəm” de, sevdiyin tumar gözləyir. Bilmirik axı, həzlər maddi olduqca insanlar cılızlaşır.

Ölümdən sonra da ölməmək üçün yaxşı insan olmaq şərtdir. Çox rastlaşırıq, biri rəhmətə gedir, arxasınca rəhmət yerinə, lənət oxuyurlar. Amma ölümünə elliklə üzüldüyümüz, kədərləndiyimiz insanlar da çoxdur - evindən yox, elindən gedən insanlar. Ölümün də şərəflisi gözəldir. Ölümündən sonra da yaşayan insanlar çox olaydı kaş...

Digər xəbərlər