26 sentyabr 2025 -ci il tarixdə YAP Qazax rayon təşkilatının inzibati binasında 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gedərək torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzərək müqəddəs şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını bildirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək rayonda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirdi və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Möhtəşəm Zəfərdən, şanlı tarix yazan şəhidlərimizin, qazilərimizin keçdiyi şərəfli döyüş yolundan, qüdrətli ordumuzun şücaətindən, qəhrəmanlığından ətraflı danışdı. Rayon təşkilatının sədri müstəqil, suveren Azərbaycanımızın beynəlxalq aləmdəki nüfuzundan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan, qarşıda duran hədəflərdən də geniş bəhs etdi. Sonda A.Nəbiyev müqəddəs şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilədi.
Tədbirdə partiya fəallarından Günel Sanıyeva, Polad Ağakişiyev, Aytəkin Hüseynova, Cavahir Əhmədova, Türkan Allahverdiyeva çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan Möhtəşəm Qələbədən, dünya hərb tarixinə yeni bir səhifə yazan qüdrətli Azərbaycan ordusunun şücaətindən ətraflı danışdılar. Natiqlər müstəqil, suveren Azərbaycanın Möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında qazandığı uğurlardan, qələbələrdən, mövcud Azərbaycan reallıqlarından da geniş bəhs etdilər.
Sonda müqəddəs şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.