27 sentyabr 2020-ci il tarixindən 5 il ötür. 44 gündə Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur, bütün məsələlər məhz bu prinsiplər əsasında həll olunur. Baxmayaraq ki, ermənilər 30 ilə yaxın işğal dövründə himayədarlarının dəstəyi əsasında bu məfhumların mövcudluğundan xəbərsiz idilər. Qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış edən Ermənistan vəziyyətin sona qədər bu şəkildə davam edəcəyini düşündüyü halda ədalət, haqq öz sözünü dedi. Qeyd edək ki, 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı bəyanatlar vermişlər.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüzə başladılar. Nəticədə hərbi qulluqçularla bərabər Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təqdimatı oldu. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan xalqı Ordumuzun arxasında möhkəm dayanaraq ona əlavə güc verdi. Şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlər təsis edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Vətən Müharibəsi təkcə hərbi qələbə deyildi, həm də siyasi-hüquqi reallıqların dəyişməsi idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüququn prinsiplərini fakt üzərində təmin etdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyası və Azərbaycanın tarixi qələbəsi kimi tarixə düşdü. Beynəlxalq aləmdə bu müharibə ciddi rezonans doğurdu. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfləri atəşkəsə çağırsa da, Azərbaycanın mövqeyi tam aydın idi: yalnız işğala son qoyulması ilə sülh mümkün ola bilərdi.
Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabrında rəşadətli Ordumuz bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyini tam təmin etdi. Bu, Ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu.Azərbaycan haqlı savaşını qətiyyətlə apararaq dünya miqyasında nüfuzunu artırdı və Cənubi Qafqazda aparıcı güc kimi mövqeyini möhkəmləndirdi. Azərbaycan xalqı bir daha sübut etdi ki, öz torpaqları uğrunda mübarizədə heç vaxt geri çəkilmir və haqq savaşında hər zaman qalib gəlir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri