PDF Oxu

Siyasət

  • 721

Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı barədə

image

2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısının nitqi həm Azərbaycanın keçdiyi tarixi yolun, həm də regionda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Prezident İlham Əliyev çıxışında Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxlamasından, bir milyonadək insanın öz yurdundan didərgin düşməsindən danışaraq, bu dövrdə beynəlxalq hüququn kobud şəkildə pozulduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr yerinə yetirilməsə də, Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü təmin edib.

Azərbaycan Prezidenti bir daha xatırladıb ki, 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edib. Ermənistanın mülki əhalini hədəfə almasına baxmayaraq, Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa riayət edərək müharibəni ədalətli və qanuni şəkildə apardığını göstərib.

Prezident İlham Əliyev nitqində 2022-ci ildən başlayaraq Ermənistanla aparılan sülh danışıqlarının nəticələrinə də toxunub. ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş razılıq, sülh müqaviləsinin paraflanması və Azərbaycan Prezidenti ilə Ermənistan Baş Naziri arasında imzalanan Birgə Bəyanat beynəlxalq aləmdə mühüm hadisə kimi dəyərləndirilib. Dövlət başçısı bu razılaşmaların regionda uzunmüddətli sülhün təmin olunmasına zəmin yaratdığını qeyd edib.

Azərbaycan Prezidenti çıxışında azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərindən, yeni infrastruktur layihələrindən, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq on minlərlə vətəndaşın doğma yurduna qayıtmasından söz açıb. Bununla yanaşı, mina təhlükəsi və itkin düşmüş şəxslərin taleyi kimi problemlərin hələ də ciddi maneə olduğunu vurğulayıb.

İlham Əliyev Azərbaycanın regional və qlobal təşəbbüslərini də beynəlxalq auditoriyanın diqqətinə çatdırıb. Enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələrinin inkişafı, rəqəmsal və nəqliyyat dəhlizlərinin genişləndirilməsi ölkəmizin əsas prioritetləri kimi göstərilib. Prezident həmçinin iqlim dəyişikliyi, Xəzər dənizində ekoloji təhlükələr və inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyi məsələlərinə toxunaraq Azərbaycanın bu istiqamətdə aktiv rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyevin BMT tribunasından verdiyi əsas mesaj dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə sadiqlik olub. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartlara son qoyulmasının vacibliyini qeyd edərək, Azərbaycanın həm regional, həm də qlobal miqyasda ədalətin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin, regionda formalaşan yeni reallıqların və ölkəmizin sülhə, ədalətə və inkişaf gündəminə sadiqliyinin parlaq ifadəsi oldu. Bu çıxış, həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, güclənən mövqeyinin bir daha təsdiqi kimi dəyərləndirilir.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Digər xəbərlər