PDF Oxu

Siyasət

  • 1 150

27 Sentyabr – Qələbəyə aparan yolun başlanğıcı ŞƏRH

image

2020-ci ilin 27 sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin gün illərlə işğal altında qalmış torpaqlarımızı azad etmək, ədaləti bərpa etmək və milli qürurumuzu yüksəltmək üçün Azərbaycan Ordusu əks-hücuma başladı. Bu tarix artıq yalnız bir hərbi əməliyyatın başlanğıcı deyil, xalqımızın həmrəyliyinin, dövlət-xalq birliyinin və güclü liderliyin rəmzi kimi yaddaşlara həkk olunub.

Ermənistanın uzun illər davam edən təxribatları, atəşkəsi pozması və danışıqlar prosesini dalana salması Azərbaycan xalqının səbr kasasını daşırmışdı. 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu xalqın iradəsinə söykənərək torpaqlarımızı azad etmək üçün tarixi missiyaya başladı.

Vətən müharibəsi təkcə cəbhədə deyil, arxa cəbhədə də böyük birlik nümunəsi ilə yadda qaldı. Əsgərlərimiz ön xətdə vuruşarkən, vətəndaşlarımız arxa cəbhədə dövlətin yanında dayandı. Könüllü yardımlar, informasiya dəstəyi və milli həmrəylik hər bir azərbaycanlının qalibiyyətə inamını gücləndirdi.

Bu müharibənin gedişində Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və müdrik siyasi rəhbərliyi həlledici rol oynadı. Onun beynəlxalq aləmdə sərgilədiyi prinsipial mövqe, diplomatik uğurları və xalqa hər gün ünvanladığı inamlı çıxışlar həm ordumuza güc verdi, həm də xalqımızı daha da səfərbər etdi. Prezidentin sözləri və əməli bir daha göstərdi ki, güclü lider, güclü xalq və güclü ordu birlikdə qalibiyyətin açarıdır.

44 gün davam edən mübarizənin hər günü qəhrəmanlıq səhifələri ilə doludur. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa kimi şəhərlərin azad olunması xalqımızın yaddaşına silinməz izlər buraxdı. 10 noyabrda imzalanan Bəyanat isə böyük Qələbəmizin siyasi təsdiqi oldu.

27 sentyabr Azərbaycan xalqının iradəsini, haqq mübarizəsini və qələbə əzmini bütün dünyaya göstərdi. Bu gün biz şəhidlərimizin qanı ilə yazılmış tarixi yaddaşımıza sahib çıxmalı, qazilərimizin qəhrəmanlığını gələcək nəsillərə ötürməliyik. Ona görə də bu gün təkcə müharibənin başlanğıcı deyil, milli birliyin, güclü dövlətin və ədalətli mübarizənin təntənəsi kimi hər bir azərbaycanlının qürurla yad etdiyi tarixdir.

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Digər xəbərlər