Azərbaycan xalqının taleyində unudulmaz günlər çoxdur. Lakin bu tarixlər içərisində 27 Sentyabr – Anım Günü xüsusi yer tutur. Çünki məhz 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu uzun illər işğal altında olan torpaqlarımızı azad etmək üçün müqəddəs mübarizəyə başladı. 44 gün davam edən şanlı Vətən müharibəsi yalnız hərbi zəfərlə yekunlaşmadı, həm də milli birliyin, dövlət-xalq həmrəyliyinin və ədalətin təntənəsi oldu.
Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz rəşadəti və xalqımızın dəmir iradəsi nəticəsində Qarabağ uğrunda savaşımız böyük Qələbə ilə başa çatdı. Sentyabrın 27-si isə hər il şəhidlərimizin xatirəsinin anıldığı, qazilərimizin qəhrəmanlığının yad edildiyi, dövlətimizin gücünün və xalqımızın birliyinin nümayiş etdirildiyi müqəddəs gün kimi qeyd olunur.
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəfələrlə təsdiqlənsə də, işğal faktı aradan qaldırılmadı. Azərbaycan xalqı isə bu ədalətsizliyə baxmayaraq səbr və iradə ilə torpaqlarının azad olunacağı günə inamını qoruyub saxladı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi həmin tarixi ədalətsizliyə son qoydu.
Azərbaycanın Qələbəsi təkcə cəbhə xəttində deyil, həm də siyasi meydanda qazanıldı. Prezident İlham Əliyev müharibədən öncə illər boyu aparılan hərbi-siyasi hazırlığın nəticəsində ölkəmizi qətiyyətli Qələbəyə gətirib çıxartdı. Onun dəmir iradəsi və qətiyyətli mövqeyi xalqımıza böyük güc verdi.
Müharibə dövründə Prezidentin xalqa müraciətləri, dünya ictimaiyyətinə ünvanlanan çıxışları, diplomatik addımları Azərbaycan dövlətinin mövqeyini daha da gücləndirdi. “Dəmir yumruq” ifadəsi xalqın birliyinin və ordumuzun qüdrətinin simvoluna çevrildi. Bu gün dəmir yumruq təkcə düşməni məğlub edən güc deyil, həm də dövlət-xalq həmrəyliyinin rəmzi kimi tarixə yazıldı.
Azərbaycan dövləti tarix boyu ordusunun gücləndirilməsini milli siyasətin əsas prioriteti kimi qəbul edib. Vətən müharibəsi dövründə də bu prinsip bir daha öz təsdiqini tapdı. Müharibənin ilk günündən etibarən bütün dövlət resursları döyüşən əsgərlərin və onların ailələrinin xidmətinə yönəldildi.
Müharibədən sonrakı illərdə də bu qayğı davam etdirildi. Əsgər və zabitlərimizin sosial müdafiəsi, tibbi reabilitasiyası, təhsil imkanları, mənzil və məşğulluq məsələlərinin həlli dövlətin diqqət mərkəzindədir. On minlərlə müharibə iştirakçısı müxtəlif sosial dəstək proqramları ilə əhatə olunub. Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dövləti hər zaman öz əsgərinin, öz zabitinin, öz qəhrəmanının yanındadır.”
Bu siyasət yalnız sosial dəstək deyil, həm də dövlətin ordusuna verdiyi yüksək mənəvi dəyərin göstəricisidir. Bu gün hər bir azərbaycanlı əsgər bilir ki, onun fədakarlığı heç vaxt unudulmayacaq.
Qələbəmiz şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı bahasına əldə olunub. Azərbaycan dövləti bu fədakarlıqları yüksək qiymətləndirərək yeni orden və medallar təsis etdi. “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın ən ali hərbi adına çevrilib. Bununla yanaşı, “Zəfər”, “Qarabağ”, “Şuşa”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” və digər medallar minlərlə hərbi qulluqçuya təqdim edildi. Bu təltiflər yalnız şəxsi qəhrəmanlığın qiymətləndirilməsi deyil, həm də gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Onlar gənclərin qəlbində vətən sevgisini daha da gücləndirir, igidlik və fədakarlığın örnəyinə çevrilir.
Azərbaycan xalqının qazandığı tarixi Qələbə təkcə qəlblərdə deyil, həm də abidələrdə əksini tapır. Bakıda salınan Zəfər Parkı bu qələbənin simvolu, xalqın qəhrəmanlıq salnaməsinin daş yaddaşıdır.
27 Sentyabr – Anım Günü həm də şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısının təcəssümüdür. Müharibədən sonra Azərbaycan hökuməti onların sosial rifahını yaxşılaşdırmaq üçün mühüm proqramlar həyata keçirib. Şəhid ailələri mənzil və avtomobillərlə təmin edilir, qazilər ən müasir protezlər və reabilitasiya xidmətləri ilə əhatə olunur. Onların təhsil, məşğulluq və sosial adaptasiya imkanlarının artırılması üçün xüsusi layihələr icra olunur. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti yalnız müharibə meydanında deyil, sülh şəraitində də öz qəhrəman övladlarına sahib çıxır.
27 Sentyabr yalnız kədər və hüzn günü deyil, həm də milli qürur, birlik və həmrəylik günüdür. Bu gün xalqımız şəhidlərimizin ruhu qarşısında məsuliyyətimizin böyüklüyünü – onların qanı bahasına azad olunmuş Vətən torpaqlarını qorumaq və inkişaf etdirməyin ümumxalq borcumuz olduğunu bir daha təsdiq edir.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının qəhrəmanlıq, birlik və qürur günüdür. Biz bu gün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizin fədakarlığı qarşısında baş əyirik. Hər birimiz yaxşı bilirik ki, onların qanı yerdə qalmadı – onların arzusu olan azad Qarabağ bu gün reallıqdır. Bu günün mesajı isə bütün gələcək nəsillərə ünvanlanıb: Azərbaycan xalqı daim bir olacaq, dövlətini qoruyacaq və şəhidlərin müqəddəs xatirəsini əbədi yaşadacaq.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri