Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə 27 Sentyabr-Anım Günü ilə bağlı tədbir keçirib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdir müavini Rauf Nağıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları, şəhid ailələri, müharibə veteranları iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam bütün şəhidlərimizə dərin hörmət əlaməti, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. O, Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçilərinin də misilsiz qəhrəmanlıq və şücaət göstərdiyini, 159 hərbi tibb işçisinin yaralandığını, 44 tibb işçisinin qəhrəmancasına şəhid olduğunu diqqətə çatdırıb. Bu gün Azərbaycan xalqı öz qəhrəman şəhidlərini, onların fədakarlığını, canlarını torpaq uğrunda fəda etməsini yad edir, eyni zamanda dövlətçilik tarixində qazanılmış uğurların, qürurverici zəfərlərin əhəmiyyətini bir daha dərk edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdir müavini Rauf Nağıyev vurğulayıb ki, xalqımızın birliyi, əzmi və qəhrəman övladlarının sayəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalət və beynəlxalq hüquq da bərpa edilib. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şanlı səhifəsini yazan Azərbaycan ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu təşkilatlarının 30 ildə edə bilmədiklərini 44 gündə etdi.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşına həm hüzn, həm də qürur günü kimi yazılıb. Bu gün təkcə bir tarix deyil, həm də xalqımızın milli qürurunun, vətənpərvərlik ruhunun, əbədiyaşar qəhrəmanlıq tarixinin və dövlətçilik irsinin simvoludur. Anım Günü yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə milli dəyərləri, vətənpərvərlik ruhunu və tarixi şüuru ötürmək üçün xüsusi bir gündür. Qeyd olunub ki, 27 sentyabr - Anım Günü hər bir azərbaycanlının ürəyində Vətənə olan sonsuz sevgini yenidən alovlandıran qəhrəmanlıq salnaməsini tərənnüm edir. O, vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri, əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız iradə, birlik və həmrəylik nümayiş etdirərək yeni tarix yazdılar. Əldə olunan Qələbələr xalqımıza milli qürur, həm də regiona yeni inkişaf imkanları bəxş edib. Azərbaycan qalib dövlət olaraq regional əməkdaşlıqda və beynəlxalq münasibətlərdə söz sahibinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısıdır.
Vətən müharibəsi şəhidi Əli Nadir oğlu Bayramovun anası Səbinə Bayramova övladının şərəfli ömür yolundan bəhs edib.
İkinci Qarabağ müharibəsi veteranı Vahab Nehmətov bildirib ki, şəhidlərimizin qanı bahasına qazanılmış tarixi qələbələr xalqımızın yaddaşında əbədi yaşayacaq.