PDF Oxu

Siyasət

  • 411

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir

image

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amili nəzərə alsaq, Azərbaycanın dayanıqlı inkişaf modelinin nümunə olduğunu görərik. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycanın bu rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışının “yaşıl enerji”yə keçid olduğunu da önə çəksək, Azərbaycanın bu sahədə böyük potensiala və təcrübəyə malik olmasının əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığının şahidi olarıq. Prezident İlham Əliyevin Nyu Yorkda keçirdiyi görüşlər Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında mühüm rola malikdir. Bütün bu uğurlarımız, onların zirvəsində dayanan tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın dünya birliyində söz sahibliyini, mövqeyini möhkəmləndirir, Prezident İlham Əliyevə etimadı daha da artırır.

BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz BMT ilə qurduğu 33 illik güvənə verdiyi dəyəri açıq formada sübut etdi. Beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan BMT ilə əlaqələrinin inkişafında uğurlu nəticələrə imza atıb. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının 155 üzv dövlətinin səsini qazanaraq təşkilatın Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib. 2015-ci ildə BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ni qəbul edərək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi ölkəmizin qazandığı 33 illik etimadın daha bir nümunəsidir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail oldu.

Prezident cənab İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dövlətimizin başçısı bu qurumun sessiyalarında iştirakı zamanı hər zaman diqqəti artıq həllini tapmış Qarabağ probleminə yönəltmiş, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü. Prezident hər zaman BMT Baş Assambleyasının sessiyalarında və bu qurumun digər tədbirlərində xüsusi ehtiramla qarşılanıb. Dövlətimizin başçısının bu çərçivədə etdiyi çıxışlar, keçirdiyi görüşlər həmişə diqqətlə izlənilib, maraqla qarşılanıb. Hazırda dünyanın diqqəti BMT Baş Assambleyasının 80-ci sessiyasına yönəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mötəbər qlobal siyasi tədbirin ən nüfuzlu qonaqları sırasındadır.

Sentyabrın 25-də Prezidenti cənab İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bir sıra mühüm məsələlərə toxunaraq qeyd edərək deyib: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam”. Öz çıxışında dövlət başçısı 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinə xüsusi yer ayırıb. Bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. “Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı Ermənistanla sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan dövləti həm də BMT Nizamnaməsinə söykənərək torpaqlarını işğaldan azad edib, özünün ərazi bütövlüyünə nail olub. Bununla da dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin yerinə yetirilməsini təmin edib. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər