Mətləb Salahov: “Bu çağırış müharibə və xaosdan bəslənən siyasi dairələrə verilmiş ən vacib mesajdır”
“Azərbaycan Prezidentinin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı, bu tribunadan dünya birliyinə verilən mesajlar, habelə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinə yönəlik isti münasibəti, onun Cənubi Qafqaz üçün önəmli siyasi lider kimi xarakterizə etməsi həm də Azərbaycan dövlətinin bölgədəki güc və mövqe səviyyəsini göstərən faktordur. Prezidentin BMT tribunasındakı çıxışını həm də onunla xarakterizə etmək olar ki, işğal altındakı torpaqlarını təkbaşına öz gücü ilə azad edən Azərbaycan dövləti, bununla həm də azı 20 ildən çoxdur ki, işğalçı Ermənistan barədəki 4 qətnaməsi havada qalmış BMT-nin aciz qaldığı tarixi prosesi özü reallaşdırıb. Bu sonuncu, olduqca mühüm faktdır”.Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, BMT-nin sessiyası zamanı keçirilən görüşlərdə Azərbaycan dövlətinə olan böyük maraq həm də ölkəmizin geopolitik baxımdan və enerji təhlükəsizliyi üçün olduqca vacib aktor olmasını bir daha sübuta yetirdi: “Diqqət edin: ABŞ və Avropanın önəmli enerji və texnologiya şirkətlərinin Azərbaycan Prezidenti ilə keçirdikləri görüşlər zamanı yeni sərmayələr və iqtisadi layihələrlə çıxış etmələri ilk əvvəl ondan qaynaqlanır ki, artıq Azərbaycan Cənubi Qafqaz üçün lokomotiv dövlət, ən əsas da olduqca sabit və sərmayə yatırımı üçün əlverişli ölkə kimi qiymətləndirilir.
Dünya səviyyəsində böyük imkanlara sahib bu şirkətlərin Azərbaycanla bağlı dəyərləndirmələri gerçəkdən ölkəmizin iqtisadi və siyasi stabilliyi üçün ən gözəl hesabatdır.
Bundan başqa, Azərbaycan Prezidentinin BMT-nin ali tribunasından hazırda xaos və müharibə girdabında çapalayan bəşəriyyətə xitabən səsləndirdiyi sülh və inkifaş naminə həmrəylik çağırışı da olduqca aktual təşəbbüsdür. Çünki bu çağırış müharibə və xaosdan bəslənən siyasi dairələrə verilmiş ən vacib mesajdır”.