PDF Oxu

Siyasət

  • 1 494

"Prezidentin çıxışı gələcək üçün böyük planların elanı kimi qiymətləndirilməlidir" - MÖVQE BİLDİRİLDİ

image

"Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi nitq Azərbaycanın müasir tarixindəki dönüş nöqtələrini və gələcək perspektivlərini əks etdirən mühüm sənəd kimi qiymətləndirilir.Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Azərbaycanın otuz illik işğal faciəsindən qələbəyə aparan yolun ətraflı təsvirini verməklə başladı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdlarından didərgin salınması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti kimi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, çıxış zamanı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq humanitar hüquqa tam riayət etməsi, mülki əhalinin qorunması və qeyri-hərbi obyektlərin hədəfə alınmamasından çəkinməsi xüsusi vurğulandı:"Bu, Azərbaycanın hərbi əməliyyatları apararkən belə beynəlxalq hüquq normalarına sadiq qaldığının sübutudur. 2020-ci ildən sonra Azərbaycanın sülh prosesinə yanaşması çıxışın ən diqqət çəkici hissələrindən birini təşkil etdi. Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təşəbbüsü, beş təməl prinsipə əsaslanan sülh müqaviləsi layihəsinin təqdimi beynəlxalq diplomatiyada Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirdi. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə edilən tarixi razılaşmalar xüsusi önəm daşıyır. Sülh müqaviləsinin paraflanması, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması və Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar regionda yeni geopolitik reallıqların formalaşdığından xəbər verir.Cənab Prezidentin çıxışında Azərbaycanın qlobal iqlim proseslərində oynadığı rol xüsusi yer tutdu. COP29-a ev sahibliyi etməklə əldə edilən nəticələr - Bakı Maliyyə Hədəfi, Paris Sazişinin 6-cı maddəsinə uyğun karbon bazarlarının formalaşması və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyəti - Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı lider mövqeyini təsdiqlədi. Lakin cənab Prezident həm də realist yanaşmanın vacibliyini vurğuladı. Dünyanın bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməyəcəyini qeyd edərək, yaşıl keçidə sadiq qalmaqla yanaşı, real olmayan hədəflər qoymamanın vacibliyini xatırlatdı. Azərbaycanın enerji sahəsindəki nailiyyətləri çıxışın diqqət çəkici hissəsini təşkil etdi. 14 ölkəyə təbii qaz ixracı, boru kəməri vasitəsilə qaz təmin edən ölkələr sırasında birinci yer, həmçinin Suriyaya enerji təchizatı kimi yeni istiqamətlərdəki fəaliyyət Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu göstərir.Bərpaolunan enerji mənbələrinə sərmayələr və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin edilməsi hədəfi ölkənin enerjidə şaxələndirmə strategiyasının uğurla həyata keçirildiyindən xəbər verir. Orta Dəhlizdə yükdaşımaların 90 faiz artması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi, "Rəqəmsal İpək Yolu" layihəsi kimi təşəbbüslər Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsinin sübutudur. Xəzərin dibi ilə fiber-optik kabel şəbəkəsinin qurulması planları regionda rəqəmsal transformasiyanın yeni mərhələsinin başlanğıcını elan edir. Yoxsulluq və işsizliyin tarixi minimum həddə - 5 faizə endirilməsi, beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın reytinqinin artırılması, xarici borcun ÜDM-in cəmi 6,5 faizini təşkil etməsi ölkədə iqtisadi sabitliyin və güclü fiskal intizamın nəticəsidir. Çıxışda Ermənistanın yerləşdirdiyi minaların yaratdığı təhlükə, dörd minə yaxın itkin düşmüş azərbaycanlının taleyi və Xəzər dənizinin ekoloji problemləri kimi humanitar məsələlər də gündəmə gətirildi. Eyni zamanda, Azərbaycanın COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə göstərdiyi yardım qlobal məsuliyyət hissinin nümunəsidir.Cənab Prezident İlham Əliyevin çıxışı "ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı" dünya qurmaq çağırışı ilə yekunlaşdı. Bu, təkcə Azərbaycanın daxili transformasiyası deyil, eyni zamanda beynəlxalq münasibətlərdə ədalət və qanunauyğunluğa əsaslanan yeni dünya düzəni üçün konstruktiv təklifdir.Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın keçdiyi tarixi yolu - işğaldan azadlığa, münaqişədən sülhə, izolyasiyadan qlobal inteqrasiyaya aparan transformasiyanı əks etdirən hərtərəfli sənəddir. Bu çıxış həm ölkənin nailiyyətlərinin təqdimatı, həm də gələcək üçün böyük planların elanı kimi qiymətləndirilməlidir. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, konstruktiv diplomatiya aparmaq və eyni zamanda öz milli maraqlarını qətiyyətlə müdafiə etmək mümkündür. Bu, təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün dəyərli təcrübədir".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər