PDF Oxu

Siyasət

  • 794

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışının strateji əhəmiyyəti ŞƏRH

image

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış Azərbaycanın müasir siyasi tarixində həm milli, həm də beynəlxalq əhəmiyyət daşıyan hadisə oldu. Bu çıxış sadəcə bir dövlət başçısının qələbəsini dünyaya bəyan etməsi deyildi, həm də beynəlxalq hüququn, ədalətin və sülhün necə təmin olunmasının nümunəvi təqdimatı idi. İlham Əliyevin çıxışı Azərbaycanın otuz ildən artıq davam edən haqq mübarizəsinin nəticələrinin təhlili ilə yanaşı, beynəlxalq sistemdəki boşluqlara işarə edən, ikili standartları ifşa edən və gələcək sülh modelini təqdim edən mühüm sənəd xarakteri daşıdı. Azərbaycan illər boyu BMT kürsüsündən özünə qarşı törədilmiş haqsızlıqları səsləndirdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının öz yurd-yuvasından qovulması faktı dünya ictimaiyyətinə dəfələrlə çatdırıldı. Lakin beynəlxalq təşkilatlar bu faktları görməzdən gəldi, Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr kağız üzərində qaldı. Bu qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, heç vaxt icra edilmədi. İlham Əliyev çıxışında bu məqamı bir daha vurğulayaraq beynəlxalq sistemdəki laqeydliyin sonda hansı fəsadlara gətirib çıxardığını diqqətə çatdırdı. Azərbaycan uzun illər boyu danışıqlara sadiq qaldı. ATƏT-in Minsk qrupu 1992-ci ildə münaqişənin həlli üçün yaradılmışdı. Lakin illər keçdikcə məlum oldu ki, bu mexanizm əslində münaqişənin dondurulmasına xidmət edir. İlham Əliyev çıxışında həmsədrlərin status-kvonu qorumağa çalışdıqlarını açıq şəkildə ifadə etdi. Beləliklə, Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi və beynəlxalq hüququn tələblərini faktiki icra etdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Ermənistan mülki əhalimizi hədəf alsa da, Azərbaycan ordusu qeyri-hərbi infrastrukturdan yan keçdi. Bu fakt dünya ictimaiyyətinə təqdim olundu və Azərbaycanın müharibəni necə yüksək etik prinsiplərlə apardığı bir daha təsdiqləndi.

Çıxışın ən mühüm məqamlarından biri isə sülh prosesinə aid mesajlar idi. İlham Əliyev qeyd etdi ki, 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyası Azərbaycanın ərazi bütövlüyünü bərpa etsə də, rəsmi Bakı dərhal sülh təşəbbüsü ilə çıxış etdi. Beş əsas prinsip əsasında irəli sürülmüş sülh müqaviləsi layihəsi uzunmüddətli danışıqlardan sonra nəticə verdi. Vaşinqton sammitində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı, dövlət başçıları isə birgə bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Trampın da şahid qismində iştirak etməsi bu prosesə əlavə legitimlik qazandırdı.
Bununla yanaşı, İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırıldığını bəyan etdi. Bu, tarixi hadisə idi. Çünki Azərbaycan və Ermənistan artıq köhnəlmiş vasitəçilərə ehtiyac duymadıqlarını göstərdilər. Münaqişənin həlli ikitərəfli mexanizmlər üzərində quruldu və nəticədə sülh prosesinə real zəmin yarandı. Çıxışda regional layihələr də mühüm yer aldı. Prezident xüsusi olaraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu təqdim etdi. Bu layihə Zəngəzur dəhlizi vasitəsilə yeni regional bağlantılar qurmağı nəzərdə tutur. Beləliklə, Azərbaycan sülhü yalnız siyasi sənədlərdə deyil, həm də iqtisadi və infrastruktur layihələrində möhkəmləndirir. Prezident İlham Əliyevin BMT kürsüsündə səsləndirdiyi fikirlər Azərbaycan diplomatiyasının yeni fəlsəfəsini ortaya qoydu: ədalət zəfər çaldı, sülh təmin olundu və beynəlxalq hüququn üstünlüyü bərpa edildi. Bu çıxış həm Azərbaycanın haqq mübarizəsinin yekunu, həm də qlobal miqyasda ədalətin qələbəsinin nümunəsi kimi tarixə düşdü.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər