"Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə iki Azərbaycan torpağını birləşdirməklə məhdudlaşmır. Bu, eyni zamanda Şərq-Qərb orta dəhlizinin bir hissəsi olacaq, Çini və Orta Asiyanı Avropa ilə birləşdirəcək. Ona görə də Zəngəzur dəhlizi haqqında danışarkən biz ona iki aspektdən yanaşmalıyıq. Onun siyasi və iqtisadi əhəmiyyəti də məhz bu prizmadan dəyərləndirilməlidir". Bunu SİA-ya açıqlamasında politoloq Mütəllim Rəhimli deyib.Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Naxçıvanla əlaqələrin yaradılması baxımından dəhlizin siyasi və iqtisadi əhəmiyyəti olduqca böyükdür: "Əgər bu yol Azərbaycan üçün koridor statusu daşıyacaqsa, ölkəmiz üçün xüsusilə təsirli mexanizm olacaq. Yox, əgər sadəcə Ermənistanın nəzarətində olan bir yol kimi fəaliyyət göstərəcəksə, bu halda onun bizim üçün heç bir siyasi mənası qalmayacaq. Naxçıvana və əks istiqamətdə daşınacaq yüklərə gömrük rüsumlarının tətbiqində koridor statusu Azərbaycana xüsusi hüquqlar verəcək və bu, iqtisadi baxımdan daha sərfəli olacaq. Lakin əks yanaşma ölkəmiz üçün qəbuledilməzdir.Beynəlxalq daşımalarda Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tamamilə uyğun gəlir. Bu, Azərbaycan üzərindən tranzit yüklərinin həcminin artmasına və ölkəmizin vacib, həm də təhlükəsiz bir məkana çevrilməsinə imkan yaradacaq. İqtisadi zəncirin formalaşması isə siyasi maraqların da qorunmasına xidmət edəcək. Bu proses Azərbaycanın iqtisadi və siyasi əhəmiyyətini getdikcə daha da artıracaq".
Müəllif: Günel Fərzəliyeva