PDF Oxu

Siyasət

  • 446

Azərbaycan-BMT əməkdaşlığı uğurla inkişaf edir

image

25 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısının nitqi həm Azərbaycanın keçdiyi tarixi yolun, həm də regionda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Prezident İlham Əliyev çıxışında Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxlamasından, bir milyonadək insanın öz yurdundan didərgin düşməsindən danışaraq, bu dövrdə beynəlxalq hüququn kobud şəkildə pozulduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr yerinə yetirilməsə də, Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü təmin edib.

Prezident İlham Əliyevin çıxışı uzun illərin haqsızlıqlarından sonra ədalətin bərpasını elan edən bir zəfər nitqi idi. Dövlətimizin başçısı illər boyu beynəlxalq tribunalarda Azərbaycanın haqq səsini səsləndirmişdi, indi isə qələbəyə, sülhə aparan yoldan, sülhün təmin edilməsindən bəhs edirdi. Bu, tarixi anlar idi.Bu nitq Azərbaycan diplomatiyasının çoxsaylı uğurlarının bir daha dünya birliyinin gözləri önünə gətirilməsi ilə yanaşı, həm də Azərbaycanın sülhyönümlü siyasətinin, inkişafmeyilli addımlarının bəyanı idi.

Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edib. Ermənistanın mülki əhalini hədəfə almasına baxmayaraq, Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa riayət edərək müharibəni ədalətli və qanuni şəkildə apardığını göstərib.

Dövləti başçısı ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyətini də beynəlxalq ictimaiyyətin təsirsiz və etinasız vasitələrindən biri kimi dəyərləndirərək, artıq tarixin arxivinə yuvarlandığını bildirdi. Azərbaycan ədaləti bərpa etdi, bölgədə sülhün təminatçısına çevrildi, ikili standartların görməzdən gəldiyi haqsızlıqları aradan qaldırdı.

Sessiya çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, xüsusilə də nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemdə etibarlı tərəfdaş kimi tanındığını açıq şəkildə nümayiş etdirdi. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu görüşlərin hər biri qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilib. Bu isə Azərbaycanın artan geosiyasi əhəmiyyətinin və Prezident İlham Əliyevin qlobal miqyasda liderlik xüsusiyyətlərinin təqdir olunduğunun bariz nümunəsidir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, milli maraqlara əsaslanan və müstəqil xarici siyasət strategiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirən mühüm hadisədir. Eyni zamanda, dövlətimizin başçısının belə mötəbər tədbirdə iştirakı Azərbaycanın qlobal təhlükəsizlik, dayanıqlı inkişaf, beynəlxalq hüquq və ədalət məsələlərində təşəbbüskar, məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycan bu gün yalnız regional deyil, həm də beynəlxalq miqyasda siyasi dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və təşəbbüskarıdır. Bu strateji mövqe isə Prezident İlham Əliyevin qətiyyətli liderliyi, milli maraqlara söykənən diplomatik xətti və beynəlxalq legitimliyə əsaslanan siyasəti nəticəsində formalaşıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin, regionda formalaşan yeni reallıqların və ölkəmizin sülhə, ədalətə və inkişaf gündəminə sadiqliyinin parlaq ifadəsi oldu. Bu çıxış, həm də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, güclənən mövqeyinin bir daha təsdiqi kimi dəyərləndirilir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər