PDF Oxu

Siyasət

  • 599

Xalqının xilaskarı

image

Azərbaycanın tarixində, xalqımızın taleyində dönüş nöqtəsi kimi dəyərləndirilən tarixi günlərdən biri də məhz 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası olan tarixi seçimini etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev həmin ayın 10-da keçirilən andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

Xalqın məhəbbətini qazanan Ümummilli Lider Heydər Əliyev yaddaşlarda qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq. Çoxəsrlik tariximizdə taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlər arasında Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış, dahi şəxsiyyət Heydər Əliyevin rolu misilsizdir. Ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gələrək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini əbədi etdi.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Xalqımız, dostlarımız və bədxahlarımız çox yaxşı bilirlər ki, Azərbaycanın bugünkü uğurlarının hamısının təməlində ulu öndər Heydər Əliyevin böyük siyasətə Qayıdışı və həmin Qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır.

Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin qətiyyətlə davam etdirilməsi Azərbaycan xalqının xoşbəxtliyidir. Ölkəmizin firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində bu gün respublikamız regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artıb. Bu gün respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.

Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycan Respublikasını daha böyük uğurlara aparır. Bu siyasət sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən ümummilli lider Heydər Əliyevin adı və əməlləri daim yaşayacaq.

Samirə Zeynalova

YAP Tərtər Rayon Təşkilatının əməkdaşı

Digər xəbərlər