Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır"
Azərbaycanın müstəqillik qazandıqdan sonra dünyanın bir çox ölkələri ilə qurduğu diplomatik münasibətlər qarşılıqlı əməkdaşlığa, dostluğa əsaslanır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir.
Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Mövcud münasibətlər ölkələr arasında bütün istiqamətlərdə, siyasi-iqtisadi, ticarət, qanunvericilik, o cümlədən mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlərin əldə olunmasına səbəb olub.
Dünya ölkələri sırasında İtaliya ilə Azərbaycan arasında olan diplomatik münasibətlərin də xüsusi yeri var. Belə ki, İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər əlaqələrin daha dərinləşməsində mühüm rol oynayır. 2005-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Səfər çərçivəsində Azərbaycan-İtaliya Birgə Bəyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlığa dair aşağıdakı 8 sənəd imzalanmışdır. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər dövlətlərarası əlaqələri daha da genişləndirmişdir. Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənmiş oldu. "İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir". Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib: "Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq".
"İQTİSADİ SAHƏDƏ İTALİYA BİZİM ÜÇÜN BİRİNCİ TİCARƏT TƏRƏFDAŞIDIR"
Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. "Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib", - deyən Azərbaycan Prezidenti bildirib ki, siyasi əlaqələr ən yüksək səviyyədədir. Dövlətimizin başçısı onu da qeyd edib ki, iqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır.
Təkcə 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir.
Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yerinə düşər ki, son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95%-i Azərbaycanı payına düşür.
"Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik", - deyən Azərbaycan Prezidenti "Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik", - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.
"İTALİYA HƏMİŞƏ BİZİM AVROPA İTTİFAQI İLƏ DAHA SIX MÜNASİBƏTLƏRİN QURULMASINA ÖZ DƏSTƏYİNİ VERMİŞDİR"
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə keçirilən görüş zamanı bir neçə vacib məsələ müzakirə olunub. "Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir", - deyə Prezident bildirib: "Bizim əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə Sizə minnətdarıq… Bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq".
Azərbaycan və İtaliya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formalaşıb. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtaliya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqe nümayiş etdirib. 44 günlük Vətən müharibəsində də yaşanan çətin vaxtlarda İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Məhz dostluğun nəticəsidir ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İtalyan şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpasında da öz köməkliklərini əsirgəmirlər. Azərbaycanla İtaliya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlığa yeni imkanlar yaradır. İtaliya və Azərbaycan arasında Qarabağın enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqında müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addım oldu. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində fəal iştirak edir. İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində fəallığı iki ölkə arasında münasibətlərdə yeni müstəviyə yüksəlir.
İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİNİN İLK TƏDRIS KORPUSLARININ AÇILMASI TARİXİ HADİSƏDİR
Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir.
Bildiyimiz kimi, Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulmuşdur. Təməli qoyulan bu universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək. Bu təhsil ocağının təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Romanın Sapienza Universiteti cəlb olunub. Burada təsis olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, o cümlədən şəhərsalma və landşaft memarlığı, dizayn, o cümlədən interyer dizaynı, sosial elmlər, italiyaşünaslıq, innovasiya və sahibkarlıq istiqamətləri üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq.
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı da tarixi hadisə kimi yadda qaldı. Universitetdə təhsil alacaq çoxsaylı tələbələr ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəklər.
Əlbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənir.
Zümrüd BAYRAMOVA