PDF Oxu

Siyasət

  • 471

Ulu Öndər Heydər Əliyev irsi üzərində yüksələn qüdrətli Azərbaycan ŞƏRH

image

1990-cı illərin əvvəlləri Azərbaycan üçün tarixin ən ağır, ən ağrılı və ən məsuliyyətli mərhələsi idi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş xalq öz suverenliyini qorumaq, dövlətçiliyini möhkəmləndirmək istəyirdi. Lakin siyasi idarəçilikdə səriştəsizlik, hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar yanaşmalar ölkəni uçuruma aparırdı. 1991-ci ildən 1993-cü ilin ortalarınadək Azərbaycan müasir tarixində xaosun, anarxiyanın, qeyri-sabitliyin, iqtisadi tənəzzülün hökm sürdüyü dövr kimi xatırlanır. Vətəndaş qarşıdurması, hakimiyyət çəkişmələri, parçalanma meyilləri dövlətçiliyin təməllərini sarsıdır, xalqın müstəqillik arzularını puç etmək təhlükəsi yaradırdı. Bu dövr həm də Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən şiddətli vaxtı idi. Qarabağda itkilər artır, torpaqlarımız işğal edilir, minlərlə soydaşımız yurd-yuvasından didərgin salınırdı.

Azərbaycanın siyasi və iqtisadi suverenliyi kağız üzərində qalmış, real həyatda isə idarəçilik böhranı dərinləşmişdi. Hər kəs aydın dərk edirdi ki, bu vəziyyətdən çıxış yolu yalnız xalqın etimadını qazanmış, böyük siyasi təcrübəyə, dəmir iradəyə və milli mənafedən çıxış edən əsl liderin hakimiyyətə gəlməsi ilə mümkündür. Belə bir şəraitdə xalqın ümid yeri, güvənc yeri yalnız Heydər Əliyev idi. Çünki o, hələ Sovet dövründən Azərbaycanın inkişafı üçün göstərdiyi fədakar fəaliyyətlə, respublikamıza qazandırdığı nailiyyətlərlə, dövlət idarəçiliyində nümayiş etdirdiyi peşəkarlıqla xalqın yaddaşına həkk olunmuşdu.

1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi təhlükəsi ən yüksək həddə çatmışdı. Bu böhranlı günlərdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu. O, həyatını təhlükə altına ataraq vətənin xilası naminə ağır məsuliyyəti öz üzərinə götürdü. Həmin dövrdə siyasi qüvvələrin məkrli oyunları, dövlət çevrilişi cəhdləri, təxribatlar bir tərəfdən, xarici müdaxilələr və torpaqlarımızın işğalı isə digər tərəfdən Azərbaycanın gələcəyini sual altına almışdı. Xalq bütün bunların fonunda yaxşı bilirdi ki, bu vəziyyətdən çıxış yalnız Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə mümkündür.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq yekdilliklə Ulu Öndər Heydər Əliyevi dövlət başçısı seçdi. Bu, Azərbaycan tarixində əsl dönüş nöqtəsi oldu. Milli qurtuluşa aparan yol məhz həmin gündən başladı. Azərbaycan xalqı öz taleyini xilaskar liderə etibar etdi və dövlətçilik bünövrəsinin möhkəmlənməsi üçün yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyin qorunması və əbədiləşdirilməsi üçün yeganə çıxış yolu idi.

Ulu Öndər Heydər Əliyev bütün ömrünü Azərbaycanın gələcəyinə həsr edən böyük dövlət xadimi idi. O, siyasi fəaliyyətində həmişə milli maraqları, dövlətin müstəqilliyini, xalqın rifahını hər şeydən üstün tutdu. Prezident seçildiyi andan etibarən ölkədə sabitlik yaratmağa, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoymağa, dövlət idarəçiliyini möhkəmləndirməyə başladı. Onun uzaqgörən siyasəti nəticəsində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət çevrilişi cəhdləri iflasa uğradı, xalqın dövlətə olan inamı bərpa edildi.

Ulu Öndərin siyasi iradəsi Azərbaycanın həm daxili, həm də xarici siyasətində mühüm dönüş yaratdı. Əvvəla, o, xalqı və ölkəni parçalanmadan xilas edərək bir amal ətrafında birləşdirdi. Onun fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini qorudu və dövlət atributları reallığa çevrildi. İkincisi, ölkənin iqtisadi müstəqilliyi təmin olunmağa başladı. Neft strategiyası işlənib hazırlandı və 1994-cü ildə imzalanan tarixi “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafının təməl daşını qoydu. Bu müqavilələr Azərbaycanın iqtisadi dirçəlişinə, dünya iqtisadi sisteminə inteqrasiyasına, eyni zamanda siyasi müstəqilliyinin möhkəmlənməsinə xidmət etdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi peşəkarlığı təkcə Azərbaycanın daxilində deyil, beynəlxalq müstəvidə də qəbul olunurdu. O, xarici ölkələrə olan səfərlərində, danışıqlarda, müzakirələrdə mövzunun mahiyyətini dərindən təhlil edərək milli maraqları ustalıqla müdafiə etməyi bacarırdı. Müzakirələrdə mövzunu milli mənafe və dövlətçilik prizmasından qiymətləndirir, qarşı tərəfi inandırmaq üçün peşəkar məntiq, dəmir iradə və diplomatik bacarıq nümayiş etdirirdi. Bu, onun dünya miqyasında qəbul olunmuş siyasi lider olmasının ən mühüm göstəricilərindən biri idi.

Ümummilli Lider Heydər Əliyev fenomeni yalnız Azərbaycanda deyil, beynəlxalq siyasətdə də öz əksini tapmışdı. O, dünya liderləri ilə bərabərhüquqlu dialoq aparır, Azərbaycanın maraqlarını müdafiə edir, ölkəmizi regionda söz sahibi olan mühüm dövlətə çevirirdi. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, regionun iqtisadi və siyasi xəritəsində önəmli mövqeyə yüksəldi.

Ulu Öndərin Azərbaycan xalqına xidmətində əsas məqam onun dövlətçilik amalına sonsuz sədaqəti idi. O, həyatını vətənin inkişafına, dövlətin möhkəmlənməsinə həsr etdi. Bu yol çox vaxt onun şəxsi həyatını, sağlamlığını, hətta təhlükəsizliyini risk altına qoydu. Lakin Ümummilli Lider Heydər Əliyev xalqı və vətəni naminə hər cür təhlükəni gözə aldı, geri çəkilmədi. Onun bu fədakarlığı Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.

Xalqın sevgisini qazanmaq hər liderin bacaracağı iş deyil. Ümummilli Lider Heydər Əliyev bu sevgini qazanmışdı, çünki o, xalqa ürəyi ilə bağlı idi, onun dərdini, ağrısını öz dərdi kimi yaşayırdı. Ona görə də xalq onu yalnız dövlət başçısı kimi deyil, həm də xilaskar, ata, böyük lider kimi sevirdi. O, milli qurtuluşun, müstəqilliyin qorunmasının, dövlətçiliyin möhkəmlənməsinin rəmzinə çevrildi.

1993-cü ildən etibarən Azərbaycanın müstəqilliyi real məzmuna çevrildi, dövlət öz suverenliyini təmin etdi. Siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq nüfuz – bütün bunlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Əgər onun hakimiyyətə gəlişi olmasaydı, Azərbaycan müstəqilliyini itirə bilərdi. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası xalqın taleyində həlledici rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin gördüyü uğurlu işlərin miqyası çox geniş idi. O, dövlət quruculuğu prosesində hüquqi bazanı möhkəmləndirdi, Konstitusiya qəbul olundu, ordu quruculuğunda mühüm addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artıracaq əlaqələr yaradıldı. Onun həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan neft müqavilələri ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı üçün əsaslı zəmin qazandı. Təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində həyata keçirilən dövlət proqramları gələcək inkişafın bünövrəsini qoydu.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi müstəqil Azərbaycanın sabahı üçün həlledici idi. Bu baxımdan onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ölkə həyatında yeni mərhələ açdı. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını müasir çağırışlara uyğun şəkildə daha da genişləndirdi. Onun daxili və xarici siyasəti Azərbaycanı qlobal arenada güclü söz sahibinə çevirdi.

Prezident İlham Əliyevin daxili siyasəti iqtisadi inkişaf, sosial rifah, infrastruktur quruculuğu, müasir ordu formalaşdırılması, təhsil və səhiyyə islahatları ilə səciyyələnir. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı uzun illər boyu sürətli inkişaf tempi nümayiş etdirdi, ölkə regionun liderinə çevrildi. Bakı dünyanın mühüm enerji, nəqliyyat və logistika mərkəzlərindən biri oldu. Müasir şəhərsalma layihələri, sosial rifah proqramları və infrastruktur layihələri ölkənin simasını köklü surətdə dəyişdirdi.

Xarici siyasətdə Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Balanslaşdırılmış, müstəqil və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan bir çox beynəlxalq layihələrin mərkəzində dayandı. Avropa ilə enerji əməkdaşlığı, Asiya ilə nəqliyyat dəhlizləri, regional əməkdaşlıq formatları ölkəmizi geosiyasi məkanın əsas oyunçularından birinə çevirdi.

Ulu Öndər Heydər Əliyevin siyasi irsi üzərində formalaşan müasir müstəqil Azərbaycan, milli maraqlarını qorumaqda qətiyyətli və prinsipial mövqeyi ilə seçilir. Azərbaycanın müasir tarixində ən mühüm məqamlardan biri 2020-ci ildə əldə olunan tarixi Zəfərdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbə qazandı. Ermənistanın illərlə işğal altında saxladığı torpaqlar azad olundu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər yalnız hərbi qələbə deyildi, həm də xalqın milli iradəsinin, dövlətin gücünün, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamlılığının təntənəsi idi. Bundan əlavə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı dövlətimizin ərazi bütövlüyünün tam təmin olunmasında həlledici mərhələ oldu. Bu əməliyyat nəticəsində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz suveren hüquqlarını bərpa etdi. Ardınca 2024-cü il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün elan olunması tarixi ədalətin və milli müstəqilliyimizin təntənəsi kimi böyük siyasi əhəmiyyət daşıdı. Bu mühüm qərar həm də xalqımızın əsrlər boyu apardığı mübarizənin məntiqi yekunu və dövlətçilik ənənələrinin möhkəmlənməsi deməkdir. Beləliklə, Ümummilli Lider Heydər Əliyev irsi üzərində yüksələn müasir Azərbaycan həm qətiyyətli addımları, həm də tarixi qərarları ilə regionun ən qüdrətli və nüfuzlu dövlətinə çevrilmişdir.

Bu gün Azərbaycan qlobal çağırışlar fonunda sabit inkişaf yolunu davam etdirir. Dünya siyasətində gedən gərgin proseslərə baxmayaraq, ölkəmiz müstəqil mövqeyini qoruyur, milli maraqlarını təmin edir və strateji tərəfdaşlıqlarını genişləndirir. İqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji layihələri, rəqəmsal inkişaf, regional nəqliyyat layihələri Azərbaycanın gələcəyinə yönəlmiş strateji addımlardır. Əldə olunan bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm irs dayanır. Onun qoyduğu siyasi kurs, dövlətçilik prinsipləri və inkişaf strategiyası bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlara uyğun şəkildə zənginləşdirilir. Heydər Əliyevin müdrik siyasəti Azərbaycanın müasir inkişaf modelinin bünövrəsini qoydu, İlham Əliyevin liderliyi isə bu modeli yeni qələbələrə, yeni nailiyyətlərə daşıdı.

Son olaraq qeyd edək ki, Azərbaycan tarixində xilaskar lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev bir-birini tamamlayan böyük siyasi dühalardır. Onların fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini qorudu, gücləndirdi, qlobal miqyasda nüfuz qazandı və tarixi Zəfərlər əldə etdi. Xalqın milli iradəsi, dövlətin gücü və liderlərin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün qürurla müstəqil, qüdrətli, qalib bir dövlət kimi dünya xəritəsində öz yerini möhkəmləndirib.

Zahid Cəfərov

YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, BDU-nun Hüquq fakültəsinin professoru, h.e.d, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri

Digər xəbərlər