“1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi, amma müstəqilliyin şirinliyini dada bilmədi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalları, Qərbi Azərbaycandan minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması, Bakıda hakimiyyət uğrunda çarpışmalar ölkəni faciəli bir duruma gətirdi. Qısa zaman kəsiyində hakimiyyət eşalonunda zəif iradə sahibi K. Bağırovu, milli hisslərdən uzaq Ə. Vəzirov, onu da xalqın gücünə etibar etməyən və ümidini Moskvaya bağlayan A. Mütəllibov, onu da idarəçilikdə təcrübəsi olmayan Ə. Elçibəy əvəz etdi. Sürət Hüseynovun qiyamı sonuncuları hakimiyyətdən saldı, Prezident Bakını gizlicə tərk edib Naxçıvanda məskunlaşdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.Deputat bildirib ki, müstəqil Azərbaycanın varlığı təhlükə ilə üz-üzə dayandı: “Xalq nəzərini Naxçıvana dikdi və ümidini Heydər Əliyevə bağladı. Azərbaycanı vətəndaş müharibəsindən, qardaş qırğınından və parçalanmaqdan qurtarmaq üçün Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyev Naxçıvanı erməni hücumlarından, ağır blokadadan qoruduğu kimi, Bakıda da böyük təcrübəsi hesabına dövlətin müstəqilliyini qoruyub saxladı. Qonşu dövlətlərlə balanslaşdırılmış siyasətin tətbiqinə başladı. Düşmən hücumunu dəf etmək üçün ordu quruculuğu sahəsində əməli tədbirlər görməyə başladı. Azərbaycanı parçalamaq və müstəqilliyinə son qoymaq üçün həm daxildə, həm də Azərbaycandan kənarda kifayət qədər pozucu qüvvələr var idi. Xalq Cəbhəsi rəhbərliyi də Heydər Əliyevə qarşı münasibətdə ədalətsiz mövqe sərgilədi. Dövləti idarə edə bilməyən və kömək üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edib Bakıya dəvət edənlər müxalif mövqedə dayandılar. Hökumət üzvləri, qanunveruci orqanın rəhbər heyəti Heydər Əliyevin fəaliyyətinə mane olur, onu idarəçilikdən məhrum etmək istəyirdilər. Heydər Əliyev bütün maneələri dəf etməyə müvəffəq oldu. Hakimiyyətdə olub, hakimiyyətə mane olan bütün qüvvələri idarəçilikdən uzaqlaşdırdı. Ayrı-ayrı şəxslərə məxsus silahlı dəstələri zərərsizləşdirdi.1993-cü ilin oktyabrında Azərbaycanda Prezident seçkiləri keçirildi. Heydər Əliyev böyük səs çoxluğu ilə dövlət başçısı seçildi. Prezident Heydır Əliyev ilk növbədə olkədə ictimai-siyasi sabitliyi bərpa etmək üçün genişmiqyaslı və təxirəsalınmaz işlərə başladı. Ermənistan silahlı qüvvələrinin qarşısını almaq üçün ordu quruculuğu və silah tədarükünü dövlətin əsas fəaliyyət sahəsinə çevirdi. Fərarilik və ordudakı özbaşınalıq, komandirlərin itaətsizliyi ciddi və ağır vəziyyətə səbəb olmuşdu. Ona görə Prezident fəaliyyətinin böyük bir hissəsini ordu quruculuğuna həsr etdi. 1994-cü ilin fevralında düşmənin növbəti hücumu dəf edildi və Füzuli istiqamətində onlarla yaşayış məskəni düşməndən azad edildi.Prezident Heydər Əliyev iqtisadiyyatı böhrandan çıxarmaq üçün neft sənayesinə müraciət etmək qərarına gəldi. Ölkənin özünün dənizdə neft çıxarmağa heç bir imkanı yox idi. Digər tərəfdən torpaqlarının 20 faizi işğal altında olan ölkəyə heç bir dövlət sərmayə qoymaq istəmirdi. Yalnız Prezident Heydər Əliyevin şəxsi nüfuzu və uğurlu danışıqları Qərb şirkətlərini Azərbaycana gətirə bildi. 1994-cü ilin sentyabrında Azərbaycan hökuməti ilə Qərb şirkətləri arasında “Əsrin müqavilə”si bağlandı. Azərbaycan Qərbin himayəsini qazandı. Azərbaycana milyardlarla dollar sərmayə qoyan Qərb şirkətləri ölkədə sabitliyin qorunması, müstəqilliyin güclənməsi üçün Prezident Heydər Əliyevin siyasi kursuna hər cür dəstək verirdilər.Uzun illər Azərbaycana rəhbərlik edən Prezident Heydər Əliyev ölkədə sabitliyi bərpa etmək, min illər boyu Azərbaycanda yaşayan xalqları səfərbər etmək, Xalq Cəbhəsi hakimiyyəti dövründəki ayrı-seçkiliyi aradan qaldlrmaq üçün azərbaycançılıq düşüncəsini irəli sürdü və xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olundu. Milli ideologiyanın əsas komponentlərindən olan azərbaycançılıq xalqı ümumi düşmənə qarşı mübarizədə birləşdirdi, dünyada yaşayan azərbaycanlıları Azərbaycanla yaxınlaşdırdı.Prezident Heydər Əliyev müstəqil Azərbaycanın siyasi həyatına peşəkar idarəetmə nümunəsi gətirdi, siyasətdə Heydər Əliyev üslubunu gətirdi, siyasi idarəetmədə planlamanı gətirdi, iqtisadi inkişaf modelini gətirdi, dayanıqlı inkişafı gətirdi, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün müstəqil dövlətin Konstitusiyasını qəbul etdi, dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq məfkurəsinə meydan verildi, bazar iqtisadiyyatına keçildi, vətəndaş cəmiyyətinə keçid üçün şərait yaradıldı və s.1993-cü ilin oktyabrında keçirilən Prezident seçkiləri və Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi Milli qurtuluşa gedən yolun başlanğıcı idi. Bu yolun ilk günü 15 iyunla bağlı idi. 10 il ərzində Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etmək üçün mümkün olanları etdi. Gələcəyinə təminat kimi və dövlət suverenliyinə nail olmaq üçün 2003-cü ilin oktyabrında gənc siyasətçi İlham Əliyevi Azərbaycan xalqına təqdim etdi. Ümummilli liderin İlham Əliyev haqqında: “mən ona özüm qədər inanıram” fikrini bütün Azərbaycan xalqı ürəkdən qəbul etdi və İlham Əliyevin Prezident seçilməsinə səs verdi. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin və Azərbaycan xalqının etimadını doğrultdu. 44 günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Qarabağ işğaldan azad edildi, separatçı yuvası ləğv edildi, dövlətin suverenliyi bərpa edildi. Ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsi müstəqil Azərbaycanın bütün bölgələrində uğurla həyata keçirilir”.
Müəllif: Səbinə Hüseynli