Prezident İlham Əliyev: "Sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir"
Beynəlxalq təşkilatların fəal üzvünə çevrilən Azərbaycan müxtəlif beynəlxalq platformalarda yalnız üzləşdiyimiz problemlərin deyil, eyni zamanda, qlobal miqyaslı problemlərin həllinə töhfə verir. Azərbaycanın səyləri və təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr, ölkəmizə və onun Liderinə göstərilən yüksək səviyyəli münasibətlərin məntiqidir.
Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Qeyd edək ki, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.
Plenar iclaslarda və ondan sonra keçirilən dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və Hibrit təhlükələr kimi mövzular müzakirə olunur.
"Avropa Siyasi Birliyi" təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
"AZƏRBAYCAN SÜLH GÜNDƏLİYİNİN İRƏLİ APARILMASI ÜÇÜN SƏYLƏRİ DAVAM ETDİRƏCƏK"
Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə toplantısı çərçivəsində bir sıra ölkə liderləri, hökumət başçıları ilə keçirdiyi görüşləri böyük maraq doğurur. Azərbaycan Avropa İttifaqının vacib və etibarlı tərəfdaşıdır və bu Azərbaycanın Avropa məkanı üçün də vacib aktor olduğunu bir daha təsdiq etmiş olur. Reallıq odur ki, bu gün Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu böyük maraqla izlənilir. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu olduqca önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü əlaqələrin müsbət inkişafına əsaslanır. Görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik ediblər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildiriblər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildiriblər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu diqqətə çəkiblər.
Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunulub, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirilib.
Dövlətimizin başçısı sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd edərək, ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.
Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirib və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu deyib.
Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirib.
ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ÜÇÜN GENİŞ İMKANLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib. Görüş zamanı Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. Eyni zamanda görüşdə Azərbaycan və Moldova Respublikası arasında ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.
MÜNASİBƏTLƏRİN HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDAŞLIQ MÜSTƏVİSİNDƏ İNKİŞAFI
Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə də görüşü olub. Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi bildirilib və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olunub. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.
Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Tədris korpuslarında sinif otaqları ilə yanaşı, müasir texnologiyalara əsaslanan, İtaliyanın Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə birgə qurulmuş 6 tədqiqat və 7 tədris məqsədli laboratoriya da fəaliyyət göstərəcək. Burada memarlığa aid materiallardan ibarət kitabxana, şəhərsalma, landşaft və foto-video studiyaları, müxtəlif dizayn emalatxanaları yerləşir.
Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.
Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunulub, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
Keçirilən görüşlər bir daha təsdiqləyir ki, qalib, ərazi bütövlüyünü, suverenliyini, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı faktora çevrilib.
ZÜMRÜD BAYRAMOVA