PDF Oxu

Siyasət

  • 483

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir

image

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini–Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Həmçinin Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti erməni işğalından azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini çox böyük sürətlə davam etdirir. Azərbaycan xalqının azad edilmiş torpaqları dirçəltmək istəyinin nə qədər böyük olmasına artıq bütün dünya şahidlik edir. Cənab İlham Əliyevin irəli sürdüyü post-konflikt quruculuğu modeli kifayət qədər uğurlu və səmərəli bir modeldir. Azad edilmiş ərazilərimiz minalardan təmizlənir, ən müasir iqtisadi, sosial infrasturuktur yaradılır və burada yeni dövlət idarəetmə modeli tətbiq olunur ki, bütün bunlar da dövlət başçımızın bu prosesə diqqət və qayğısı sayəsində reallaşır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regenerasiyası uğurla həyata keçirilməkdədir. Artıq keçmiş məcburi köçkün soydaşlarımızın xeyli hissəsi Laçın şəhərinə, Füzuli şəhərinə, Zəngilan rayonunun Ağalı, Laçın rayonunun Zabux və Tərtər rayonunun Talış kəndlərinə, doğma yurdlarına qayıtmışlar. Ata-baba ocağına qayıtmış soydaşlarımız üçün abad evlər tikilmiş, bütün lazımi sosial şərait yaradılmış, onlar yüksək səviyyədə dövlətimizin qaygısı ilə əhatə olunmuşlar.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı nəinki hər bir Cəbrayıl rayon sakinini, demək olar bütün Azərbaycan Respublikası vətəndaşlarını ürəkdən sevindirdi. Tam əminliklə söyləyə bilərik ki, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayıl rayonu yaxın zamanda reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi üzərində yerləşən və mühüm iqtisadi-logistik əhəmiyyətə malik olan bölgəmizdir. Cəbrayıl rayonuna 4-6 zolaqlı yolun çəkilişi də davam edir. Prezident İlham Əliyev Cəbrayıl rayonunda müasir infrastrukturun qurulmasına, enerji təchizatının ən müasir standartlara uyğun şəkildə bərpasına xüsusi diqqət ayırır. Həmçinin ölkə başçımızın tapşırığına uyğun olaraq rayonda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanılacaq.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 28 sentyabr 2023-cü il tarixində Cəbrayıl rayonuna növbəti səfəri zamanı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etdi. Dövlət başçımız Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə yaxından tanış oldu. Ölkə başçımıza tikinti işlərinin gedişi barədə ətraflı məlumat verilərək bildirildi ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 712 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq. Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər