PDF Oxu

Siyasət

  • 666

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: qəhrəmanlıq, zəfər və yenidənqurma siyasətinin parlaq nəticəsi

image

Azərbaycan tarixində 4 oktyabr xüsusi bir məna daşıyır. Bu gün xalqımızın qəhrəmanlıq dastanının, igid övladlarımızın qanı-canı bahasına qazanılmış möhtəşəm Zəfərin simvoludur. 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Cəbrayıl şəhərini düşmən işğalından azad etdi. Bu qələbə təkcə Cəbrayılın deyil, bütövlükdə Azərbaycanın haqq işinin təntənəsi, tarixi ədalətin bərpası oldu.

44 günlük Vətən müharibəsində qazanılmış zəfərin arxasında dövlət başçımızın illər boyu apardığı uzaqgörən siyasət dayanırdı. Cənab Prezident İlham Əliyevin ordumuzun gücləndirilməsi, iqtisadi qüdrətimizin artırılması, diplomatik müstəvidə qətiyyətli mövqeyi və xalq-iqtidar birliyi üzərində qurulan dövlət siyasəti, bu tarixi qələbəni təmin etdi. Məhz bu strateji xətt nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, suverenliyini tam bərpa etdi.

Cəbrayıl şəhərinin azadlığı şəhidlərimizin canı, qazilərimizin fədakarlığı bahasına qazanıldı. Onların qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın hər bir uğurunun təməlində şəhidlərimizin qanı, qazilərimizin iradəsi dayanır. Dövlətimiz bu müqəddəs dəyərləri hər zaman uca tutur, şəhid ailələrinə və qazilərə ən yüksək diqqət və qayğı göstərir.

Bu gün Cəbrayıl işğaldan azad olunmuş digər bölgələr kimi yenidən qurulur, həyatın ən müasir standartlarla bərpası həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhər və kəndlər bərpa olunur, yollar, məktəblər, xəstəxanalar, infrastruktur layihələri reallaşdırılır. Bu, dövlətimizin həm gücünün, həm də ədalətə və ədalətli sülhə bağlılığının parlaq təzahürüdür.

4 oktyabr – Cəbrayıl Şəhəri Günü təkcə qələbə günü deyil, həm də yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu gün həm şəhidlərimizin xatirəsinə ehtiramın, həm də dövlətimizin qətiyyətli siyasətinin rəmzidir. Cəbrayılın azadlığı göstərdi ki, Azərbaycan xalqı heç vaxt haqqından, torpağından və milli qürurundan vaz keçmir.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər