Məlum olduğu kimi, ölkəmizin tarixində elə günlər var ki, bu tarixlər xalqın qəlbində həm qürur, həm də minnətdarlıqla xatırlanır. 1993-cü il 3 oktyabr məhz belə günlərdən biridir. Bu gün Azərbaycan xalqı öz müstəqilliyini qorumaq, dövlətini yaşatmaq üçün xilaskarını seçdi. Yeri gəlmişkən, həmin dövrdə ölkəmiz ən ağır sınaqlardan keçirdi. Ermənistanla müharibə, daxildəki siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və idarəçilik böhranı Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın ümid yeri isə yalnız bir nəfər idi – böyük dövlət xadimi Heydər Əliyev. Onun möhkəm siyasi iradəsi, təcrübəsi və şəxsi nüfuzu Azərbaycanın xilası üçün son şans idi.
Xüsusilə qeyd etmək lazımdır ki, seçkilərdə Heydər Əliyevin 98 faizdən artıq səs toplaması xalqın ona olan inamını açıq şəkildə nümayiş etdirdi. Bu nəticə göstərirdi ki, xalq öz taleyini Heydər Əliyevin əllərinə etibar edir. Bu etimad illərin sınağından keçmişdi. Hələ Sovet dönəmində Azərbaycanı inkişaf etdirən, milli kadr siyasəti aparan, xalqın rifahını yaxşılaşdıran Heydər Əliyevin xidmətləri unudulmamışdı. 20 Yanvar faciəsi zamanı isə onun xalqla həmrəyliyi əsl liderlik nümunəsi olmuşdu.
Onu da qeyd lazımdır ki, Prezident seçildikdən sonra ulu öndər Heydər Əliyev qətiyyətli addımlar ataraq, əvvəlcə ölkədə sabitlik yaratdı. Atəşkəsin əldə edilməsi, ordunun yenidən qurulması, milli dövlət institutlarının formalaşdırılması ölkənin gələcəyini təmin edən strateji addımlar idi. Prezident Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət güclü ordu ilə mümkündür. Buna görə də ordunun vahid komandanlıq altında formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi və döyüş ruhunun artırılması onun əsas prioritetlərindən biri oldu.
Məlumdur ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Azərbaycan dünya enerji bazarında mühüm aktora çevrildi. Bu isə müstəqil dövlətimizin həm iqtisadi, həm də siyasi dayaqlarını möhkəmləndirdi.
Ən əsası, 3 oktyabr seçkiləri xalq-dövlət birliyinin təntənəsi idi. Azərbaycan xalqı bu günlə öz gələcəyini qorumağı bacardı, öz xilaskarını seçərək dövlətçiliyi dağılmaq təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər Əliyev xalqın yaddaşında, sadəcə, Prezident deyil, həm də müstəqilliyimizin qarantı, dövlətçiliyimizin banisi, milli birliyin rəmzi kimi qalır. Onun adı Azərbaycanın taleyində dönüş yaradan 3 oktyabr günü ilə əbədi bağlıdır.
Pənah Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı