Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafını bir daha nümayiş etdirir. İtaliya Prezidentinin səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycan ilə İtaliya arasında münasibətlər tarixi, etibarlı və uzunmüddətli tərəfdaşlıq üzərində qurulub. 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və 2020-ci ildə imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq sənədi bu əməkdaşlığın siyasi-hüquqi bazasını daha da gücləndirib. Həmin sənədlər əlaqələrin iqtisadi, enerji, mədəni və humanitar müstəvilərdə inkişafı üçün praktiki yol xəritəsi rolunu oynayır.
İki ölkə arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Dövlət başçıları arasında keçirilən müntəzəm görüşlər, hökumətlərarası komissiyaların fəaliyyəti və parlamentlərarası əməkdaşlıq mexanizmləri strateji əlaqələrin sabit və davamlı olmasını təmin edir. Bu faktorlar həm də göstərir ki, Azərbaycan və İtaliya arasında münasibətlər həm ikitərəfli maraqlara əsaslanır, eyni zamanda Avropa və region miqyasında sabitliyin gücləndirilməsinə xidmət edir.
Enerji sektoru Azərbaycan-İtaliya münasibətlərinin əsas dayaqlarından biridir. Azərbaycan İtaliyaya neft və qaz ixrac edir, bu proses Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin uğurla reallaşması sözügedən əməkdaşlığın zirvəsi hesab olunur. TAP vasitəsilə 2020-ci ildən etibarən Azərbaycan qazı İtaliyaya çatdırılır. Bu gün Cənub Qaz Dəhlizi çərçivəsində dövlətimiz artıq 14 ölkəyə qaz ixrac edir və boru kəmərləri ilə təbii qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yeri tutur. İtaliyanın həmin layihəyə verdiyi siyasi dəstək Avropanın enerji təhlükəsizliyinə və ölkəmizlə strateji tərəfdaşlığın etibarlılığına bariz nümunədir. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir: “Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
Hazırda Azərbaycan enerji əməkdaşlığının yeni mərhələsinə qədəm qoyur. Elektrik enerjisinin Avropa bazarına ixracı üzrə layihələrin hazırlanması, Xəzərin dibi ilə Orta Asiyadan ölkəmizə və buradan Avropaya elektrik ötürülməsi planları yaxın əməkdaşlığı daha da genişləndirir. Bu amillər gələcəkdə Azərbaycan-İtaliya enerji münasibətlərini yalnız karbohidrogenlərlə deyil, həm də bərpa olunan enerji sahəsində geniş əməkdaşlıqla zənginləşdirəcək.
Azərbaycan-İtaliya əlaqələrinin mühüm istiqamətlərindən biri də təhsil və mədəniyyət sahəsidir. İki ölkənin dövlət başçıları İlham Əliyev və Sercio Mattarella humanitar əməkdaşlığın ikitərəfli münasibətlərin dərinləşməsində xüsusi rolunu vurğulayıblar. Bunun ən bariz nümunəsi 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan İtaliya-Azərbaycan Universitetidir. Oktyabrın 1-də həmin universitetin ilk tədris korpuslarının açılış mərasimi olub, bu əlamətdar hadisə iki ölkə arasında elm və təhsil sahəsində ən mühüm layihələrdən biri kimi tarixə düşüb. Layihə ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu ali təhsil müəssisəsinin – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universitetinin əməkdaşlığı əsasında həyata keçirilir. Universitetdə hazırda 538 bakalavr və 102 magistr tələbəsi təhsil alır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Yeni universitetin müasir laboratoriyaları, emalatxanaları və kitabxanaları tələbələrin nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirməsinə geniş imkan yaradır. Bu təhsil ocağı Azərbaycan və İtaliya arasında mədəni, elmi və intellektual əlaqələrin körpüsüdür. Burada təhsil alan gənclər gələcəkdə iki ölkə arasında dostluğun və əməkdaşlığın daşıyıcıları olacaq.
Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin inkişafında İtaliyanın rolu xüsusilə qeyd olunmalıdır. İtaliya mütəmadi olaraq ölkəmizin Avropa ilə əməkdaşlığının güclənməsinə dəstək verib. Avropa İttifaqı ilə enerji dialoqu, nəqliyyat layihələri və iqtisadi əməkdaşlıqda bu dost ölkənin fəal mövqeyi dövlətimizin Aİ ilə münasibətlərində mühüm əhəmiyyət kəsb edir. Sözügedən faktorlar onu göstərir ki, İtaliya Azərbaycanın Avropa miqyasında ən güclü tərəfdaşlarından biridir. Həmin əməkdaşlıq gələcəkdə Aİ-Azərbaycan münasibətlərinin daha da inkişafına zəmin yaradacaq.
Azərbaycan və İtaliya arasındakı münasibətlər hərtərəfli və davamlı inkişaf edir. Enerji sahəsində etibarlı tərəfdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi, humanitar sahədə yeni təşəbbüslər və təhsil əməkdaşlığı bu strateji tərəfdaşlığı daha da gücləndirir. Səfər çərçivəsində keçirilən görüşlər bir daha sübut edir ki, dövlətlərarası strateji tərəfdaşlıq real layihələrdə, praktiki əməkdaşlıqda özünü göstərir. Bu münasibətlər həm region, həm də Avropa üçün nümunəvi model hesab olunur.
Mahir Süleymanlı
Milli Məclisin deputatı