Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha göstərir. İtaliya Prezidentinin rəsmi səfəri, xüsusən də yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması, siyasi-iqtisadi, enerji və humanitar sahələrdə tərəfdaşlığın dərinləşməsinə xidmət edən mühüm hadisə kimi tarixə düşüb.
İki ölkə arasında münasibətlər 2015-cü ildə imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” və 2020-ci ildə imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə daha da güclənib. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib.
İtaliya Azərbaycanın Avropada ən yaxın tərəfdaşlarından biridir, hazırda bu dost dövlət ölkəmizin birinci ticarət tərəfdaşıdır və qarşılıqlı iqtisadi əlaqələr ildən-ilə genişlənir. Enerji sahəsində əməkdaşlıq isə bu münasibətlərin əsasını təşkil edir. Azərbaycan nefti və qazı uzun müddətdir ki, İtaliyaya ixrac olunur. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrasında İtaliyanın göstərdiyi siyasi dəstək strateji tərəfdaşlığın təməl göstəricilərindən biridir. 2020-ci ildən etibarən TAP vasitəsilə Azərbaycan qazı həmin ölkəyə çatdırılır. İtaliyanın sözügedən prosesdə oynadığı rol həm Avropanın enerji təhlükəsizliyinə, həm də tərəflər arasında etibarlı əməkdaşlığın davamlı olmasına töhfə verir. Dövlətimizin başçısının vurğuladığı kimi, ildən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir: “Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik”.
Hazırda Azərbaycan elektrik enerjisinin Avropa bazarına ixracı üzrə yeni layihələr üzərində işləyir. Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və buradan Avropaya elektrik ötürülməsi planları enerji əməkdaşlığının yeni mərhələsini təşkil edir. İki ölkə arasındakı əməkdaşlıq təkcə enerji və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəni və humanitar sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. Bunun bariz nümunəsi 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan İtaliya-Azərbaycan Universitetidir.
Oktyabrın 1-də universitetin ilk tədris korpuslarının açılış mərasimi olub. Layihə ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Hazırda İtaliya-Azərbaycan Universiteti 538 bakalavr və 102 magistr tələbəsi təhsil alır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Burada müasir laboratoriyalar, emalatxanalar və kitabxanalar tələbələrin praktik və nəzəri biliklərə yiyələnməsi üçün geniş imkanlar açır. Bu təhsil ocağı iki ölkə arasında mədəni və elmi əməkdaşlığın körpüsüdür. Orada təhsil alan gənclər gələcəkdə Azərbaycan və İtaliyanın qarşılıqlı dostluğunun elçilərinə çevriləcəklər.
İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında daim fəal dəstək göstərib. Son illərdə bu istiqamətdə atılan müsbət addımlar Avropa ilə münasibətlərdə yeni perspektivlər açır. Azərbaycan və İtaliya arasındakı münasibətlər hərtərəfli və davamlı inkişaf edir. Enerji sahəsində etibarlı tərəfdaşlıq, iqtisadi əlaqələrin genişlənməsi, humanitar sahədə yeni təşəbbüslər və təhsil əməkdaşlığı bu strateji tərəfdaşlığı daha da inkişaf etdirir.
İtaliya Prezidenti Sercio Mattarellanın səfəri sübut edir ki, Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq real layihələrdə, praktiki əməkdaşlıqda özünü göstərir. Bu münasibətlər həm region, həm də Avropa üçün örnək xarakter daşıyır.
Heydər Əsədov
Milli Məclisin deputatı