PDF Oxu

Siyasət

  • 771

Azərbaycanda yeni mərhələnin başlanğıc tarixi: 3 oktyabr 1993

image

1993-cü il oktyabrın 3-ü müasir dövlətçilik tariximizdə yeni dövrün, şərəfli salnamənin başlandığı gündür. Müstəqilliyimizin dönüş nöqtəsi olan 15 İyun Milli Qurtuluş Hərəkatının Zirvəsi olan 3 oktyabr Ulu Öndər Heydər Əliyevin milli quruculuq missiyasının təməl sütunudur.

Azərbaycanın müstəqilliyə gedən işıqlı yolu 1969-cu ildən ali dövlət kürsüsündə çalışan Dahi Lider Heydər Əliyevin qurduğu milli dövlət ideyası və dövlətçilik məfkurəsinə əsaslanır. Onun 70-ci illərdə möhkəm təməllərini qoyduğu hərəkat ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələ və missiya ilə tamamlanaraq müstəqil Azərbaycanın legitimliyini təmin etdi.

Müstəqilliyə gedən yol birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətə zorla yiyələnmiş təsadüfi qüvvələrin səriştəsiz idarəçiliyi nəticəsində 20 Yanvar, Xocalı faciələrini yaşamış, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmuş, torpaqlarının 20 faizini itirmiş və dövlətçiliyi təhlükə ilə üz-üzə qalmış Azərbaycanın müqəddəratı taleyin ümidinə qalmışdı. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərində hakimiyyətdə olsaydı torpaqlarımız işğal altına düşməyəcəkdi və Azərbaycan həmin iztirablı yollardan keçməyəcəkdi.

Belə bir ağır və fəlakətli vəziyyətdə Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün onun əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz Liderə ‒ Heydər Əliyevə üz tutdu. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da xalqın və respublikanın hakim dairələrinin təkidli dəvəti ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsinin qarşısını aldı. Ulu Öndər, ilk növbədə, təcavüzkar Ermənistanın işğalçılıq planlarının da qarşısını almaqla möhkəm sabitlik arxitekturasını formalaşdırdı.

1993-cü il oktyabrın 3-də keçirilən Prezident seçkilərində Azərbaycan xalqı tarixi seçim edərək Ulu Öndərə tükənməz məhəbbətini nümayiş etdirdi, seçkilərdə o, 98,84 faiz səslə sözün əsl mənasında müstəqil olan Azərbaycanın müstəqil Prezidenti seçildi. Bu seçki müstəqilliyini bərpa etmiş Azərbaycanın siyasi həyatında ilk demokratik seçki olmaqla, həm də, demokratik və şəffaf seçim mədəniyyətinin əsasını qoydu.

Oktyabrın 10-da Azərbaycan Prezidenti kimi and içərkən Heydər Əliyev ilk vəzifəsinin torpaqlarımızın azad edilməsindən ibarət olacağını və bu müqəddəs missiyanı yerinə yetirmək üçün var gücü ilə çalığacağını bildirdi: “Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır”.

Ümummilli Lider bu milli amal uğrunda uzaqgörən müdrik dövlət kursu müəyyən edərək Azərbaycanın siyasi-iqtisadi-hüquqi suverenliyini təmin etməyə başladı. 1995-ci ildə qəbul olunan Konstitusiya demokratik intibaha aparan yolun möhkəm istinad sütunları oldu.

Həmin dövrün ən iradəli və qətiyyətli addımlarından biri milli inkişafın uzunömürlü bazasını təşkil edəcək neft strategiyasının həyata keçirilməsi idi. O dövrdə Ermənistanla müharibə şəraitində olan Azərbaycan Respublikasına xarici şirkətlərin, qlobal investorların sərmayə yatırmaq tərəddüdü var idi. Lakin Ulu Öndərin dünya miqyaslı şəxsi nüfuzu və neft kontraktı ilə bağlı danışıqlarda iştirak edən Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin inanılmaz zəkası və məharəti sayəsində bu sindrom sındırıldı.

1994-cü il sentyabrın 20-də dünyanın nəhəng neft-qaz şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin (“Əsrin müqaviləsi”) imzalanması Azərbaycanın iqtisadi-siyasi, sosial həyatında yeni tarixi mərhələnin başlanğıcını qoydu.

Heydər Əliyev bir neçə il sonra xarici bazarlara nəql edilən neft resurslarının dayanıqlı sütunları üzərində Azərbaycanın milli güc arxitekturasını formalaşdırdı. İqtisadiyyatın inkişafı, ötən əsrində 70-ci illərdə qurulmuş nəhəng sənaye potensialının bərpa edilməsi, sosial proqramların icrasında neft amilindən düzgün və unikal müdrikliklə istifadə olundu.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi onun əvəzolunmaz iradəsi və qətiyyətinin nəticəsi kimi reallığa çevrildi, neft gəlirlərinin səmərəli və ünvanlı istifadəsi üçün etibarlı və etimadlı maliyyə mənbəyi formalaşdırıldı. Həmin dövrdə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin xarici ölkələrin ən mütərəqqi suveren fondlarının təcrübəsi əsasında yeni bir qurumun - Dövlət Neft Fondunun yaradılması ideyası Ulu Öndər tərəfindən bəyənildi və 1999-cu ildə mükəmməl bir təsisat yarandı.

Fond dövlətimizin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsində dayanıqlı instituta çevrildi, ən ümdə vəzifələrdən biri kimi məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllində maliyyə dayağı oldu. Neft gəlirləri peşəkar ordunun güclənməsində və tarixi zəfərdə də əsaslı rol oynadı. Neft Fondunun büdcəyə transfertlərinin əhəmiyyətli hissəsi torpaqlarımızın azad olunması üçün nümunəvi peşəkar ordunun yaradılmasına sərf edildi.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunması idi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tarazlaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasında əsas təşəbbüskar və lider dövlət statusu qazandı.

Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun mühüm prioritetlərindən biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən ərazi bütövlüyümüzün həlli məsələsi təşkil etmişdir. Onun gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmış və beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənmişdir.

Oktyabr ayı Azərbaycan dövlətçiliyi üçün şərəfli tarixlərin təqvimidir. Azərbaycanın siyasi salnaməsinə əbədi həkk olunmuş 1993-cü ilin 3 oktyabrından başlayan qızıl onillik 2003-cü ilin 15 oktyabrında yeni tarixi mərhələyə qədəm qoydu. Xalqımız Heydər Əliyev siyasətinə sadiqliyinə ehtiramın əlaməti olaraq ali dövlət postuna İlham Əliyevi seçdi. Ulu Öndərin ən böyük arzusu olan torpaqlarımızın işğaldan azad edilməsi missiyasını da onun siyasi varisi Prezident İlham Əliyev tamamladı. O, 44 günlük Vətən müharibəsi və bir günlük uğurlu antiterror əməliyyatı ilə bütün ərazilərimizi erməni işğalından azad edərək dövlət suverenliyimizi tam bərpa etdi, ali tapşırığı yerinə yetirdi. Bu gün Azərbaycan məhz Heydər Əliyevin möhkəm və dayanıqlı inkişaf təməli üzərində və Prezident İlham Əliyevin əvəzolunmaz fitri siyasi istedadı sayəsində regionun ən qüdrətli dövlətinə çevrilib.

Ramid Namazov

Milli Məclisin deputatı

Digər xəbərlər