PDF Oxu

Siyasət

  • 592

Azərbaycan-İtaliya: fəal siyasi dialoq şəraitində qarşılıqlı etimada söykənən uğurlu strateji tərəfdaşlıq nümunəsi

image

Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüşləri və mətbuata verilən bəyanatlar iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Bu səfər ikitərəfli əməkdaşlığın dərinləşməsi və yeni istiqamətlər üzrə genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Son illər ərzində qazanılan nailiyyətlər artıq konkret nəticələr və layihələr formasında özünü göstərir.

Azərbaycan ilə İtaliya arasında münasibətlər qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Bu əməkdaşlığın hüquqi bazasını 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və 2020-ci ildə qəbul edilmiş Hərtərəfli Strateji Tərəfdaşlıq sənədi təşkil edir. Bu sənədlər iki dövlət arasında konkret fəaliyyət planlarının həyata keçirilməsinə zəmin yaradır. Dövlət başçıları arasında görüşlərin müntəzəm keçirilməsi, müxtəlif səviyyələrdə qarşılıqlı dialoqlar, iqtisadi əlaqələrin ildən-ilə genişlənməsi və mədəni-humanitar sahədə yeni təşəbbüslərin reallaşdırılması münasibətlərin çoxşaxəli inkişafından xəbər verir. İtaliya hazırda Azərbaycanın birinci ticarət tərəfdaşıdır və bu fakt iqtisadi əlaqələrin miqyasını və gələcək perspektivlərini aydın şəkildə göstərir. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq: “Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim”.

Enerji sektoru Azərbaycan-İtaliya münasibətlərinin əsasını təşkil edən strateji istiqamətlərdən biridir. Azərbaycan uzun illərdir ki, həm neft, həm də qaz ixracı vasitəsilə İtaliyanın enerji təminatında mühüm rol oynayır. Hazırda Azərbaycan nefti bu ölkənin enerji balansında birinci, qazı isə ikinci yeri tutur. Həmin göstəricilər İtaliyanın enerji təhlükəsizliyində dövlətimizin mühüm mövqeyə malik olduğunu sübut edir. Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin icrası iki ölkə arasında etibarlı tərəfdaşlığın təcəssümünə çevrilib. Prezident İlham Əliyev bəyanatında TAP-ın həyata keçirilməsində İtaliyanın, eləcə də bu dövlətin başçısı Sercio Mattarellanın şəxsi dəstəyinin həlledici əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 2020-ci ildən etibarən sözügedən layihə vasitəsilə Azərbaycan qazı İtaliyaya çatdırılır. Artıq Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən transmilli layihələrdən birinə çevrilib.

Hazırda Azərbaycan enerji əməkdaşlığının coğrafiyasını daha da genişləndirir. Elektrik enerjisinin Avropa bazarına ixracı ilə bağlı yeni layihələrin həyata keçirilməsi üzərində iş aparılır. Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və buradan Avropaya elektrik ötürülməsi nəzərdə tutulur. Bu təşəbbüs Cənub Qaz Dəhlizinin açdığı yolun davamı olaraq enerji əməkdaşlığının yeni istiqamətlərdə inkişafına şərait yaradır.

Azərbaycan və İtaliya arasındakı münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Enerji və iqtisadi sahələrdə əldə olunan uğurlar artıq elm, təhsil və mədəniyyət sahəsində də öz əksini tapmaqdadır. Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasındakı strateji tərəfdaşlığın ən önəmli humanitar layihələrindən biri kimi dəyərləndirilir. Oktyabrın 1-də Bakıda bu universitetin ilk tədris korpuslarının açılış mərasimi olub. Həmin layihə 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsinin əməkdaşlığı nəticəsində reallaşdırılmışdır. Universitetdə hazırda 8 bakalavr və 2 magistr proqramı üzrə 640 tələbə təhsil alır. Müasir laboratoriyalar, emalatxanalar və tədqiqat mərkəzləri tələbələrin həm nəzəri biliklərə, həm də praktiki bacarıqlara yiyələnməsinə imkan yaradır. Burada təhsil alan tələbələr gələcəkdə ölkələrarası dostluq və tərəfdaşlıq münasibətlərinin daşıyıcılarına çevriləcəklər. Bütün bunlar münasibətlərin davamlılığını təmin edəcək əsas faktorlardan biridir.

Azərbaycan-İtaliya münasibətləri təkcə ikitərəfli müstəvidə deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında mühüm rol oynayır. İtaliya hər zaman sözügedən əməkdaşlığın dərinləşməsinə dəstək verib. Son vaxtlar həmin istiqamətdə müsbət addımların atılması münasibətlərin gələcək inkişafı üçün əlverişli zəmin yaradır. Bu dəstək Azərbaycanın Avropa İttifaqı ilə daha geniş enerji, iqtisadi və siyasi əməkdaşlıq imkanlarının açılmasına xidmət edir. Nəticə etibarilə, İtaliya bu prosesdə mühüm körpü rolunu oynayır və Avropanın ümumi maraqlarına da töhfə verir.

Azərbaycan və İtaliya arasındakı münasibətlər bu gün strateji tərəfdaşlığın nümunəsi kimi təqdim olunur. Enerji sahəsində etibarlı əməkdaşlıq, iqtisadi əlaqələrin dinamik inkişafı, təhsil və mədəniyyət sahəsində reallaşdırılan layihələr bu tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərir. Bakıda keçirilən görüşlər və bəyanatlar sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri gələcəkdə daha da genişlənəcək, yalnız iki ölkənin maraqlarına deyil, həm də regional və qlobal təhlükəsizlik və inkişaf proseslərinə təkan verəcək.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Digər xəbərlər