İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın və dostluq münasibətlərinin inkişafında mühüm mərhələ hesab olunur. Dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlər, mətbuata birgə bəyanatları, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı ölkəmizlə Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar açdı.
Bu gün Azərbaycan və İtaliya arasında mövcud olan dostluq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edir. Ümumiyyətlə, Azərbaycanla İtaliya arasında sıx mədəni, siyasi və iqtisadi əlaqələrin əsası Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub. 1997-ci ilin sentyabrında Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün mühüm addım oldu. Səfər nəticəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Məhz həmin tarixi səfərdən sonra qarşılıqlı münasibətlər artan dinamika ilə inkişaf etməyə başladı.
İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri isə əlaqələrimizin inkişafında xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin fevralında isə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri baş tutdu. Səfər çərçivəsində siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və digər sahələri əhatə edən 28 sənəd imzalandı. Roma şəhərində imzalanan "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" xüsusi qeyd olunmalıdır.
2022-ci ilin sentyabrında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri də geniş gündəmlə keçdi. Romada Azərbaycan Səfirliyinin yeni binası açıldı, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyənləşdirildi, ADA Universiteti ilə İtaliyanın aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlıq sazişləri imzalandı.
4 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyevin İtaliya Prezidentinin dəvəti ilə Romaya növbəti işgüzar səfəri gerçəkləşdi. Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" mövzusunda çıxış edən dövlət başçımızın səfəri İtaliya mətbuatında və akademik çevrələrdə xeyli müzakirə olundu.
Ümumilikdə, Avropa ölkələri arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ölkəmizin daxili işlərinə qarışmayan, qarayaxma kampaniyası aparmayan azsaylı ölkələrdən biri də İtaliyadır. Biz bunu hər zaman İtaliyanın mövqeyində görmüşük, Azərbaycan da bu mövqeyi çox yüksək qiymətləndirir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin daha da inkişafına ciddi töhfələr verəcək. Dövlətlərimiz arasında əlaqələr növbəti illərdə daha da inkişaf edəcək və Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq. Biz bu səfərdə bir çox vacib sənədlərin imzalanmasının da şahidi olduq. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, biz İtaliyaya təkcə qaz deyil, digər milli məhsullarımızı da ixrac edirik. Eyni zamanda, İtaliya da özünün bir çox məhsullarını Azərbaycana ixrac edir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin möhkəmlənməsinə növbəti bir töhfə olacaq və öz müsbət təsirini göstərəcək. Biz İtaliya kimi dövlətlərlə münasibətlərimizi hər zaman qorumalıyıq, daha da inkişaf etdirməliyik. Azərbaycan İtaliya əlaqələri davamlı olaraq inkişaf etməlidir və bunu bu gün cənab Prezident edir. Beləliklə, Sercio Mattarellanın bu səfəri Azərbaycan-İtaliya münasibətlərinin çoxşaxəli, intensiv və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyən önəmli hadisə oldu.
Anar Məmmədov
Milli Məclisin deputatı