PDF Oxu

Siyasət

  • 1 463

"Azərbaycan Böyük Qayıdışı öz imkanları hesabına həyata keçirir" - POLİTOLOQ DANIŞDI

image

"Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış Proqramı tarixi əhəmiyyətli olmaqla yanaşı, həm də strateji bir layihədir. Bu proses təkcə insanların doğma torpaqlarına qayıdışı deyil, eyni zamanda regionun sosial, iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, hazırda Böyük Qayıdış Proqramı çərçivəsində işlər uğurla davam etdirilir: "Otuz il ərzində dağıdılaraq daşı-daş üstə qalmayan kənd və şəhərlərimizdə vətəndaşlarımızın öz doğma yurdlarına qayıdışı üçün yaşayış binaları və fərdi evlərin tikintisi ilə paralel şəkildə infrastruktur layihələri həyata keçirilir. İş yerlərinin açılması ilə bağlı kompleks tədbirlər görülür, xalqımıza məxsus tarixi, dini və mədəniyyət abidələri bərpa edilərək xalqımızın ixtiyarına verilir. Bu gün Prezident İlham Əliyevin göstərişləri əsasında həyata keçirilən yenidənqurma və bərpa işləri həqiqətən də öz həcminə görə misilsizdir. Cənab Prezidentin də dediyi kimi, Qarabağda və Zəngəzurda aparılan quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlinmir. Tamamilə dağıdılmış, viran qoyulmuş ərazilərdə qısa müddət ərzində görülən işlərin miqyası bu bölgələrə səfər edən hər kəsi təəccübləndirir. Dövlətin bu istiqamətdə ciddi maliyyə və texniki resurslar səfərbər etdiyi açıq şəkildə görünür. Tam məsuliyyətlə demək olar ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycan dövlətinin qüdrətini və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirir.Ən önəmli məqamlardan biri odur ki, Azərbaycan bu proqramı hər hansı kənar dəstək olmadan, əsasən öz imkanları hesabına həyata keçirir. Düzdür, qardaş ölkələr bu fəaliyyətin həyata keçirilməsində müxtəlif formalarda dəstək göstərirlər. Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan da bu prosesə öz töhfələrini verirlər. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi tikib, Qırğızıstan Ağdamda orta məktəb inşa edir. Türkmənistanın isə Füzuli şəhərində məscid tikməsi barədə qərarı mövcuddur. Türkiyə şirkətləri və dövlət qurumları bu işlərdə fəal şəkildə iştirak edirlər. Füzuli Beynəlxalq Hava Limanının inşası, Ağdam şəhərinin Baş planının hazırlanması, Zəngilan rayonundakı “ağıllı kənd” layihələri bu əməkdaşlığın bariz nümunələridir. Bundan əlavə, türkiyəli tərəfdaşların iştirakı ilə digər infrastruktur layihələri də uğurla həyata keçirilir.Lakin bütün bunlara baxmayaraq, görülən və görüləcək işlərin ümumi miqyası nəzərə alındıqda bu dəstəyin payı cüzi sayılır. Böyük Qayıdış Proqramının icrası əsasən Azərbaycanın daxili resursları hesabına həyata keçirilir. Bununla belə, beynəlxalq tərəfdaşlıq və xarici dəstək bu prosesin mühüm tərkib hissəsidir. Xüsusilə, insanlarımızın təhlükəsiz qayıdışını təmin etmək üçün mina təmizləmə fəaliyyətində beynəlxalq əməkdaşlığa ehtiyac böyükdür.Ermənistanın azad edilmiş ərazilərdə on minlərlə mina basdırması Böyük Qayıdış prosesinin qarşısında ən ciddi maneələrdən biri olaraq qalır. Məhz bu səbəbdən, ölkə başçısı son ABŞ səfəri zamanı BMT tribunasında çıxışı zamanı bu məsələyə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti mina təmizləmə fəaliyyətində Azərbaycana dəstək verməyə çağırdı. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin qarşısında duran humanitar məsələdir. Çünki münaqişədən sonrakı dövrdə təhlükəsizlik və insan hüquqlarının qorunması beynəlxalq əməkdaşlıq tələb edir.Cənab Prezidentin də vurğuladığı kimi, Böyük Qayıdış sadəcə insanların evlərinə qayıtması deyil, həm də onların ləyaqətlə, təhlükəsiz və rifah içində yaşamasının təmin edilməsidir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər