PDF Oxu

Siyasət

  • 539

Zəfərə aparan yol: Vətən müharibəsinin 11-ci günü

image

"Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir. Bildiyiniz kimi, erməni silahlı qüvvələri keçən ayın 27-də bizə qarşı yeni hücuma keçdilər və bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibəsi zamanı bildirib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

427 EVƏ VƏ 66 MÜLKİ OBYEKTƏ CİDDİ ZİYAN DƏYDİ

7 oktyabr tarixi Vətən müharibəsinin 11-ci günü idi. Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına və "Euronews" televiziyasına müsahiblər verib.

Sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd "S-300" zenit-raket kompleksi məhv edildi. Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikaların videogörüntüsünü paylaşdı. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki vermişdi. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilmişdi. Ermənistan ordusunun 1-ci və 7-ci alayının müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik etmişdilər.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 7 oktyabr saat 18:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatmıışdı. 427 evə və 66 mülki obyektə ciddi ziyan dəymişdi.

"Azərkosmos" ASC işğaldan azad olunmuş Suqovuşan ərazisinin "Azersky" peykindən əldə edilmiş təsvirini yayıb.

Ermənilər tarix boyu xalqımıza qarşı təcavüzkarlıq etmiş, terror aktları törətmişdilər. 44 günlük Vətən müharibəsində biz, eləcə də bütün dünya bunun şahidi oldu. Ermənistan döyüş meydanında uduzduğunu gördükdə cəbhə zonasından kənarda yerləşən ərazilərimizi raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər. Bütün bunların planı əvvəldən hazırlanmışdır. Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edirdi. Oktyabrın 7-də gecə saatlarından başlayaraq Ağdam rayonun işğal altında olmayan yaşayış məntəqələri intensiv atəşə tutulurdu. Nəticədə Xındırıstan kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak oldu, vətəndaşlara məxsus 1 ev dağıldı, 10 evə, 4 yardımçı tikiliyə, 114 nömrəli köçkün ümumi məktəbinə, elektrik və qaz təsərrüfatlarına ziyan dəymiş oldu. Dörd baş iribuynuzlu, 41 baş xırdabuynuzlu heyvan, 2 baş at tələf edildi.

Əlbəttə ki, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.

KİMİN YATMIŞ ŞƏHƏRLƏRƏ ALÇAQCASINA HÜCUM ETDİYİNİ HAMI GÖRDÜ"

İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 2020-ci ilin oktyabrın 9-da saat 14 radələrindən başlayaraq, Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nətcəsində Quzanlı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu, 1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.

Bütün törədilən bu və ya digər əməllərə baxmayaraq, Azərbaycan haqq işində israrlı idi. 2020-ci ilin oktyabr ayında cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə ayrı-ayrı zamanlarda bombalanması erməni vəhşiliyinin bir nümunəsi olaraq dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Gəncəyə ilk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 30-dan çox mülki şəxs yaralandı. Bu raket hücumu müharibənin getdiyi ərazidən kənarda edilən ilk ciddi hücum idi. Qeyd edək ki, birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri vuruldu. Daha sonra Gəncə bir daha raket hücumuna 5 oktyabrda məruz qaldı. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktyabrın 8-də oldu. Bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi, həlak olan və yaralanan olmadı. Düşmənin silahlı qüvvələrinin növbəti dəfə 11 oktyabr tarixində gecə saat 02 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak oldu, 28 nəfər yaralandı. Çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələri "Toçka-U" raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu. "Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü", - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir.

"DÖYÜŞ BÖLGƏSİNƏ YAXIN OLAN ŞƏHƏRLƏRİMİZ HƏR GÜN ATƏŞƏ TUTULUR"

"Ermənistan ordusunun münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistik raketlərlə hədəfə alması onların acizliyini göstərir. Bu, Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır"- deyən dövlətimizin başçısı düşmənin raket atəşinə tutduğu Gəncə və Mingəçevir şəhərlərinin döyüş bölgəsindən uzaqda yerləşdiyini diqqətə çatdıraraq "Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər", - deyə bildirmişdir.

Ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan Ermənistan Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tuturdu. Azərbaycan bütün bunlara baxmayaraq, ərazi bütövlüyünü bərpa etdi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər