"Cənab Prezident İlham Əliyevin Danimarkaya səfəri həm siyasi, həm də diplomatik baxımdan mühüm hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın Avropa ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin Kopenhagenə səfəri Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin növbəti nümunəsidir: "Azərbaycan Avropa dövlətləri ilə əməkdaşlığı genişləndirərək həm enerji təhlükəsizliyi, həm nəqliyyat, həm də regional sabitlik sahəsində önəmli tərəfdaş kimi çıxış edir. Avropa Siyasi Birliyi zirvəsində iştirak isə Azərbaycanın Avropa siyasi məkanında aktiv rol oynadığını göstərir. Səfər Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə yeni impuls verdi. Azərbaycanın enerji resursları Avropa üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə tərəfdaşlıq dərinləşir. Eyni zamanda, nəqliyyat və logistika layihələri, xüsusilə Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi layihələr gündəmdə oldu.Bu görüşlər həmçinin Avropa şirkətlərinin Azərbaycan bazarına marağını artırır, yeni investisiya və texnologiya imkanları yaradır. Eyni zamanda Kopenhagen səfəri Azərbaycanın beynəlxalq arenada nüfuzunu gücləndirən diplomatik addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Avropa liderləri ilə birbaşa dialoqu Azərbaycanın müstəqil, etibarlı və regional sabitliyə töhfə verən tərəf kimi imicini möhkəmləndirdi. Ümumiyyətlə, Danimarka səfərini Azərbaycanın həm Avropa ilə əlaqələrinin inkişafında, həm də beynəlxalq aləmdə siyasi çəkisinin artmasında mühüm mərhələ hesab etmək olar".
Müəllif: Ziya Hikmətoğlu