Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 2020-ci il Vətən müharibəsi, yalnız hərbi və siyasi qələbə deyil, həm də xalqımızın milli ruhunun, vətənə sədaqətinin və azadlıq əzminin təntənəsidir. Bu zəfərin ən parlaq simvollarından biri isə məhz Cəbrayıl rayonunun işğaldan azad olunması və bu torpaqlarda Azərbaycan bayrağının yenidən ucaldılmasıdır. 27 illik həsrətdən sonra 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin azad olunması, təkcə bir şəhərin deyil, bütöv bir regionun mənəvi dirçəlişi demək idi. Bu gün 4 oktyabr tarixi rəsmi olaraq “Cəbrayıl şəhəri günü” kimi qeyd olunur və bu günün rəmzlərindən biri də heç şübhəsiz, qədim tariximizin və milli yaddaşımızın simvolu olan Xudafərin körpüsüdür.
Xudafərin körpüsü — Azərbaycan tarixində təkcə mühüm strateji keçid məntəqəsi deyil, həm də mədəni və tarixi irsimizin ayrılmaz bir hissəsidir. Bu körpü əsrlər boyu ticarət yollarını, mədəni əlaqələri və siyasi münasibətləri birləşdirən mühüm bir qovşaq olub. İşğal dövründə Xudafərin körpüsünün üzərində dalğalanmayan bayrağımız, xalqımızın qəlbində böyük bir boşluq, dərin bir yara idi. Lakin 2020-ci ilin oktyabrında Azərbaycan Ordusunun şücaəti ilə bu tarixi ədalət bərpa olundu. Prezident, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan bayrağı artıq Xudafərindir!" sözləri, bu tarixi anın əbədiləşdirilməsinin ifadəsi oldu.
Bayrağın Xudafərin körpüsündə dalğalanması — bu, yalnız torpağın deyil, həm də milli qürurumuzun, əzəmətimizin və mədəni irsimizin geri qaytarılmasıdır. Bu mənzərə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu, düşmən qarşısında diz çökməyən bir xalqın öz torpaqlarına sahib çıxmaq iradəsini simvollaşdırır. O bayraq, illərlə məcburi köçkün həyatı yaşayan Cəbrayıllıların göz yaşlarını sevincə, həsrətini qürura çevirən bir zəfər nişanəsidir. Bu gün Xudafərin körpüsündə dalğalanan bayraq, eyni zamanda gələcək nəsillərə ötürüləcək bir vəsiyyətdir — bu torpaq Azərbaycanındır və əbədi olaraq da Azərbaycan olaraq qalacaq.
4 oktyabr – Cəbrayıl şəhəri günü kimi qeyd olunarkən, Xudafərin körpüsündəki bayraq bizə həm keçmişimizi xatırladır, həm də gələcəyə daha inamla addımlamağımız üçün güc verir. Bu bayraq sülhün, sabitliyin, dirçəlişin və böyük qayıdışın rəmzinə çevrilib. O, təkcə Cəbrayılın deyil, bütün Azərbaycanın başının ucalığını, xalqımızın əzmini və tarixi ədalətin bərpasını təcəssüm etdirir.
Toğrul ZEYNALOV
YAP Ağdam rayon təşkilatının əməkdaşı