PDF Oxu

Siyasət

  • 1 178

Azərbaycan-İtaliya strateji əməkdaşlığı

image

Azərbaycan ilə İtaliya arasında münasibətlər müasir dövrdə strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi diqqət çəkir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də humanitar ölçüləri ilə fərqlənir. 2025-ci ilin sentyabr ayının 30-da İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri bu münasibətlərin dərinliyini və çoxşaxəliliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki ölkə arasındakı əməkdaşlığın yalnız rəsmi sənədlərdən ibarət olmadığını, eyni zamanda siyasi, iqtisadi, enerji, təhsil və humanitar sahələrdə konkret nəticələrə söykəndiyini göstərdi. İtaliya Prezidenti Sercio Mattarella artıq ikinci dəfədir ki, Azərbaycana rəsmi səfər edir. Birinci səfəri yeddi il əvvəl baş tutmuşdu və həmin dövrdən indiyədək münasibətlərin sürətlə inkişaf etdiyi aydın görünür. Bu dəfəki səfər bir daha sübut etdi ki, Azərbaycan və İtaliya sadəcə tərəfdaş deyil, əsl strateji müttəfiqlərdir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu illər ərzində münasibətlər çox sürətlə inkişaf edib, siyasi əlaqələr ən yüksək səviyyəyə çatıb və tərəflər mütəmadi görüşlərlə əməkdaşlığın ritmini təmin ediblər.Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın hüquqi bazasını iki mühüm sənəd təşkil edir. Bunlardan birincisi 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədidir. İkincisi isə 2018-ci ildə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədir. Bu sənədlər yalnız diplomatik ifadələr deyil, həm də real əməkdaşlıq istiqamətlərinin planını müəyyənləşdirən yol xəritəsidir.Əməkdaşlığın ən güclü sütunlarından biri energetika sahəsidir. 2020-ci ildən etibarən TAP – Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazı İtaliyaya çatdırılır. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, TAP layihəsinin uğurlu icrasında İtaliya Prezidentinin şəxsi müdaxiləsi həlledici rol oynayıb. Bu gün Azərbaycan qazı yalnız İtaliyaya deyil, ümumilikdə 14 Avropa ölkəsinə ixrac olunur. Azərbaycanın ixrac coğrafiyası ildən-ilə genişlənir və bu fakt onu dünyada boru kəmərləri ilə qaz ixracında lider mövqeyə çıxarır. İtaliyanın neft balansında Azərbaycan birinci yeri tutur, qaz idxalında isə ikinci mövqedədir. Bu, iki ölkə arasında etibarlı enerji tərəfdaşlığının bariz göstəricisidir.Enerji əməkdaşlığı yalnız qazla məhdudlaşmır. Hazırda Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı istiqamətində də layihələr üzərində işləyir. Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və oradan da Avropaya elektrik enerjisinin ötürülməsi planlaşdırılır. Bu layihə yalnız yeni iqtisadi imkanlar açmayacaq, həm də Avropanın enerji təhlükəsizliyinə əlavə təminat verəcək. Beləliklə, TAP və Cənub Qaz Dəhlizinin uğuru daha geniş miqyaslı əməkdaşlıq layihələrinin həyata keçirilməsinə yol açır.Azərbaycan-İtaliya münasibətlərinin digər strateji istiqaməti humanitar və təhsil sahəsindədir. Prezident Mattarellanın Azərbaycana səfəri çərçivəsində ən mühüm hadisələrdən biri İtaliya-Azərbaycan Universitetinin açılışı oldu. Bu universitet 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və ADA Universiteti ilə İtaliyanın beş nüfuzlu ali məktəbi – Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında əməkdaşlıq əsasında fəaliyyət göstərir.Universitetdə hazırda 640-dan çox tələbə təhsil alır. Tədris proqramları memarlıq, elektronika mühəndisliyi, dizayn, kənd təsərrüfatı və qida texnologiyaları, menecment və digər müasir sahələri əhatə edir. Burada ikili diplom proqramları, laboratoriyalar, emalatxanalar və innovativ tədris mühiti yaradılıb. Universitetin tələbələri həm yüksək biliklər əldə edir, həm də gələcəkdə Azərbaycan və İtaliya arasında mədəni və elmi körpü rolunu oynayacaqlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təşəbbüs humanitar sahədə əməkdaşlığın ən parlaq nümunəsidir və gələcək nəsillərin təhsil və mədəni inkişafına xidmət edəcək. Bundan əlavə, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq da genişlənməkdədir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ikitərəfli ticarət dövriyyəsi ildən-ilə artır. Enerji ixracı, sənaye layihələri, investisiya təşəbbüsləri və infrastruktur sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi tərəfdaşlığını daha da möhkəmləndirir.İşğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətlərinin iştirakı da bu əməkdaşlığın xüsusi aspektlərindəndir. Bu, təkcə iqtisadi maraqların deyil, həm də dostluq və dəstəyin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrində İtaliyanın iştirakı regionun sülh və inkişafına töhfə verir.Avropa İttifaqı ilə əlaqələr kontekstində də İtaliyanın rolu diqqətəlayiqdir. Roma həmişə Azərbaycanın Aİ ilə əməkdaşlığının inkişafına dəstək göstərmişdir. Prezident İlham Əliyev bəyanatında bu faktı xüsusi vurğulayaraq, son dövrdə Aİ-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət dinamikanın məhz İtaliyanın dostluq mövqeyi ilə də bağlı olduğunu qeyd etdi.Bütün bu faktlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri diplomatiyada uğurlu modeldir. Bu əməkdaşlıq yalnız rəsmi sənədlərdə deyil, praktiki işlərdə və konkret layihələrdə öz təsdiqini tapır. Energetika, təhsil, sənaye, humanitar sahələrdə atılan addımlar strateji tərəfdaşlığın dərinliyini nümayiş etdirir. Prezident İlham Əliyevin sözləri ilə desək, uzaq məsafədə yerləşən ölkələr arasında qurulan bu münasibətlər dünya diplomatiyasında nümunə ola bilər.

Nəticə etibarilə, Prezident İlham Əliyev və Prezident Sercio Mattarellanın birgə bəyanatları iki ölkə arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini dəqiq müəyyənləşdirdi. Bu əməkdaşlıq Azərbaycan və İtaliya xalqları üçün yeni imkanlar açmaqla yanaşı, həm də Avropanın enerji təhlükəsizliyi, regional sabitlik və qlobal diplomatiya baxımından mühüm əhəmiyyət kəsb edir. İtaliya-Azərbaycan münasibətləri bugünkü reallıqda yalnız ikitərəfli əlaqələrin deyil, həm də Avropa ilə Azərbaycan arasında strateji əməkdaşlığın mühüm dayağıdır.Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi də ümidvericidir. İki ölkə arasındakı əlaqələrin yeni istiqamətlərdə genişlənməsi gözlənilir. Mədəniyyət mübadiləsi, innovasiya sahəsində əməkdaşlıq, turizmin inkişafı və informasiya texnologiyalarında birgə layihələrin həyata keçirilməsi münasibətləri daha da möhkəmləndirəcək. Azərbaycanın coğrafi mövqeyi və enerji potensialı, İtaliyanın isə Avropa İttifaqındakı rolu bu əməkdaşlığa qlobal strateji xarakter verir. Bu gün Azərbaycan Avropanın enerji xəritəsində mühüm oyunçu kimi çıxış edir. İtaliya isə həmin xəritədə etibarlı tərəfdaşdır.Beləliklə, Azərbaycan və İtaliya münasibətləri diplomatiyanın yeni zirvəsinə qalxmışdır. Bu zirvə yalnız iki ölkənin siyasi rəhbərlərinin deyil, həm də xalqlarının ortaq maraqları və gələcəyə yönəlmiş strateji baxışlarının nəticəsidir. Bu əməkdaşlıq gələcək nəsillərə sabitlik, inkişaf və sülh mirası qoyacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər