Avropa İttifaqına üzv olan dövlətlərlə qarşılıqlı əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu günlərdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri, əməkdaşlığın inkişafına xidmət edən görüşləri, müzakirə olunan məsələlər xarici siyasətdə ikitərəfli əlaqələrin xüsusi önəmini açıqlamaqla yanaşı, inkişafını şərtləndirən yeni istiqamətlərə də işıq saldı. Şübhəsiz ki, hər bir səfər hər bir ölkənin malik olduğu imkanların təqdimatında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rola malikdir.
Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan cənab İlham Əliyev italiyalı həmkarı ilə keçirdiyi geniş tərkibdə görüşdə qeyd etdi ki, əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir. Təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və bu məsələlər üzərində uğurla çalışırıq. İtaliya Prezidenti isə qeyd etdi ki, tərəfdaşlığımız iqtisadi sahələrlə, çox vacib enerji və sənaye sektorları ilə məhdudlaşmır. O, həmçinin mədəniyyət, gənclərimiz üçün təhsil sahələrini əhatə edir. Bu məqam işbirliyimizin böyüklüyünü, onun möhkəmliyini göstərir.
Səfər zamanı İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış edərək vurğuladı ki, artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir. Növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulmuşdur. Əlbəttə, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir. Cənab İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin uğurları bunu deməyə əsas verir. Artıq yüzlərlə tələbə oxuyur. Biz bu gün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti çalışır, həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu, çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Hər halda burada oxuyan Azərbaycan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını daha yaxından tanıyacaqlar. Burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə dostluq əlaqələrimiz daha da güclənəcək. Bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır.
Bu gün Azərbaycan-İtaliya əlaqələrinin timsalında aydın görünür ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri