Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Belə ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətlər qurur, heç bir ölkənin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz qəbul edir. Münasibətlərində qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi diqqətin göstərilməsi hazırda etibarlı, arzuolunan tərəfdaş kimi nüfuz qazanmasında öz sözünü deyir.
Sentyabrın 30-da İtaliya Prezidenti Sercio Mattarella ölkəmizdə rəsmi səfərdə oldu. Keçirilən görüşlərdə iki ölkənin münasibətlərinin tarixinə qısa nəzər salındı. Dövlətimizin başçısı geniş tərkibdə görüşdə qeyd etdi ki, bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri, energetikadan başlamış sənaye istehsalına qədər əhatə edir. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə tam icra edilir: “Bizim əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə Sizə minnətdarıq”.
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Bu baxımdan enerji sektorunda əlaqələrin inkişafına xüsusi diqqət göstərilir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. Cənab İlham Əliyev görüşlərdə diqqəti enerji sektorunda əməkdaşlığa yönəldərək bildirdi ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq.
Prezident İlham Əliyev görüşlərdə, eyni zamanda, mətbuata bəyanatında onu da qeyd etdi ki, ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu. “Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib” söyləyən dövlətimizin başçısı qeyd etdi ki, 2022-ci ildə tərəfimdən müvafiq Sərəncam verildi və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər.
Qısa təhlil Azərbaycan-İtaliya əlaqələrinin inkişafı üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Cənab İlham Əliyev mətbuata bəyanatında “İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o, mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir” fikirləri ilə Azərbaycan-İtaliya münasibətlərinin qarşılıqlı etimada söykəndiyini, uğurla inkişaf etdiyini, iki ölkənin dövlət başçılarının bir-birinə böyük etimad göstərdiyini diqqətə çatdırdı. Bir daha qeyd edildi ki, Azərbaycan-İtaliya əlaqələri bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri