Bu gün Azərbaycanın daxili sabitliyi, strateji coğrafi mövqeyi, logistika və nəqliyyat imkanları, artan hərbi-texniki potensialı Türk Dövlətləri Təşkilatını qlobal arenada daha təsirli aktora çevirir. Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Dövlətimizin başçısı İlham Əliyev çıxışında ölkələrimizin tranzit imkanlarına diqqəti yönəldərək vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Zəngəzur dəhlizinin açılması, həmçinin Azərbaycanın Qafqazdakı mövqeyini gücləndirərək, bölgənin nəqliyyat, enerji və iqtisadi inteqrasiyasını sürətləndirəcək. Qırx iki kilometrlik “Tramp sülh yolu” avtomobil və dəmir yolunun hərəkəti ilə yanaşı, enerji və kommunikasiya xətlərinin reallaşmasına əlverişli şərait yaradacaq, regionda davamlı sülhün təmin edilməsinə, etimad mühitinin, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verməklə yanaşı, Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirəcək, regionun Avropa ilə Asiya arasında mühüm logistika qovşağına çevrilməsinə imkan verəcək.
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini