Moldovanın nüfuzlu “Noi.md” xəbər portal Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü haqqında silsilə məqalələr dərc edib. SİA xəbər verir ki, məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı fikirlərə xüsusi diqqət yetirilib. Dövlətimizin başçısına istinadla qeyd edilib ki, Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Həmçinin, vurğulanıb ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük geosiyasi mərkəz kimi formalaşmaqdadır. Təşkilatın təsis sənədi olan Naxçıvan Sazişi sülh və təhlükəsizliyin əsas məqsəd və vəzifələri sırasında yer alır.Məqalədə vurğulanıb ki, Türk Dövlətləri Təşkilatının (OTG) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə türk dövlətləri arasında siyasi dialoqun dərinləşdirilməsi və təkmilləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təşviqi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, regional və qlobal çağırışlara cavab olaraq birgə fəaliyyətin vacibliyi məsələləri ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.İclasın yekunu üzrə qəbul olunan Qəbələ Bəyannaməsində türk dünyasında həmrəyliyin gücləndiyi, qarşılıqlı etimadın artdığı, suverenlik, müstəqillik və dövlətçilik prinsiplərinə sadiqlik bir daha təsdiqlənib. Sənəddə təşkilatın regional sülhün və çoxtərəfli əməkdaşlığın təşviqi üçün konstruktiv platforma kimi rolu vurğulanıb.Məqalədə həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın çıxışına da yer ayrılıb. V.Orbana istinadla qeyd edilib ki, sammitdə iştirak edən güclü liderlər birgə layihələr və gələcək üçün strateji planlar ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan Prezidenti İlham Əliyevin əldə etdiyi nailiyyətlər, ölkəsində həyata keçirilən bərpaolunan enerji layihələri, sülh və əməkdaşlığa verdiyi əhəmiyyət göstərir ki, bu regionda uzaqgörən və uğurlu siyasət həyata keçirilir.