Türk Dövlətləri Təşkilatının son illərdəki inkişaf istiqaməti göstərir ki, bu qurum artıq yalnız tarixi və mədəni birlik kimi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və iqtisadi təsir gücünə malik strateji platforma kimi formalaşır. TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması bunun mahiyyətini əks etdirir. Yəni, Türk dövlətləri artıq qlobal sabitlik və təhlükəsizlik arxitekturasında subyekt kimi çıxış etməyə başlayıblar. Azərbaycanın TDT-dəki rolu, sadəcə, qurucu dövlət statusu ilə məhdudlaşmır. Prezident İlham Əliyevin ardıcıl təşəbbüsləri nəticəsində təşkilat formal mədəni birlikdən, real təsir gücünə malik siyasi və iqtisadi blok səviyyəsinə yüksəlib. Bu istiqamətdə dövlətimizin başçısının Bişkek, Şuşa və Budapeşt Zirvə görüşlərində səsləndirdiyi çağırışlar, o cümlədən “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” çağırışı artıq strateji konsepsiya xarakteri daşıyır.
Azərbaycanın TDT-yə sədrliyi dövründə həyata keçirilən tədbirlər, xüsusən qeyri-rəsmi Zirvə görüşlərinin təşkili bu birliyin institusional dayanıqlığını gücləndirib. Oktyabrın 6-7-də Qəbələdə keçirilən XII Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçmişdir. Bu hadisə təkcə rotasiya qaydasında baş verən protokol dəyişikliyi deyil, Azərbaycanın təşkilat daxilində liderlik missiyasının və strateji təşəbbüskarlığının beynəlxalq səviyyədə rəsmi təsdiqi kimi qiymətləndirilməlidir. Bu fakt göstərir ki, Azərbaycan artıq TDT-nin yalnız ideya daşıyıcısı deyil, həm də onun regional və qlobal istiqamətini müəyyənləşdirən siyasi mərkəzi kimi çıxış edir.
Oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Sammitin əsas istiqamətlərindən biri qarşılıqlı iqtisadi asılılığın dərinləşdirilməsidir. Orta Dəhliz, Transxəzər marşrutu və TRIPP – Sülh və Rifah Yolu layihəsini əhatə edən vahid nəqliyyat-loqistika sistemi regionu Avrasiya ticarətinin mühüm qovşağına çevirir. Azərbaycan enerji və nəqliyyat layihələrinin sinxron inkişafı, rəqəmsal infrastrukturun genişləndirilməsi və “yaşıl enerji” təşəbbüslərinin irəlilədilməsi ideyasını fəal şəkildə dəstəkləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Türk dünyasını bu gün birləşdirən təkcə ortaq tarix və mədəniyyət deyil, həm də ədalətli və balanslaşdırılmış dünya qurmaq kimi ümumi maraqlardır.” Qlobal qeyri-sabitlik şəraitində təhlükəsizlik sahəsində koordinasiya xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan sülhməramlı fəaliyyət və terrorizmə qarşı mübarizə təcrübəsinə əsaslanaraq kəşfiyyat məlumatlarının mübadiləsi, birgə təlimlər və transmilli təhdidlərə qarşı proqramların hazırlanması təşəbbüsünü irəli sürür.
Bu təşəbbüslər “türk dünyasının qalxanı”nın – XXI əsrin çağırışlarına qarşı birgə cavab verməyə imkan verən koordinasiyalı siyasət platformasının formalaşmasına xidmət edir. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.
“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirib.
Öz çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”. Türk Dövlətləri Təşkilatı artıq iqtisadi və nəqliyyat gündəliyini aşaraq yeni istiqamətlərə çıxıb. Qəbələ sammitində təhsil, rəqəmsal təhlükəsizlik, gənclər əməkdaşlığı və mədəni diplomatiya məsələləri müzakirə olunur – bu sahələr xalqlar arasında uzunmüddətli əlaqələrin və humanitar körpülərin əsasını qoyur.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini