Azərbaycan oktyabrın 7-də tarixi bir tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Ortaq tarixi köklərə, dilə, mədəniyyətə malik olan ölkələrin rəhbərləri Azərbaycanın qədim şəhəri Qəbələdə bir araya gələrək, dünyada sülhün, təhlükəsizliyin bərqərar edilməsi naminə vahid güc kimi çıxış ediblər. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, dünyanın qütbləşdiyi, geosiyasi proseslərin, müharibələrin aparıldığı bir zamanda belə bir mötəbər tədbirin Azərbaycanda reallaşması müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə olan marağının, dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olduğu uğurların təzahürüdür.
Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan TDT-nin güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib. Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri var. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.
Bu gün dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevrilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurası qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.
Pərvin Kərimzadə vurğulayıb ki, Qəbələdə həyata keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə Türk dövlətlərinə rəhbərlik edən liderlərin iştirak etməsi ilk növbədə Azərbaycanın dünyada güclənən mövqeyinin nümayişi idi. Azərbaycanın tarixi şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bir daha təsdiq etdi ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. Eyni zamanda, ölkəmizin atdığı hər bir addım Türk birliyinin, həmrəyliyinin daha da güclənməsinə bir ərməğandır.
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü TDT-nin yeni geosiyasi mərhələyə qədəm qoyması və qlobal səviyyədə daha aktiv aktora çevrilmək istiqamətində atdığı strateji addımdır. Azərbaycanın ev sahibliyi ilə baş tutan bu əlamətdar toplantı türk dövlətləri arasında dostluq, qardaşlıq, həmrəylik və ortaq əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlətimizin rəhbəri mötəbər tədbirdə onu da qeyd edib ki, ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir: ”TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondler vasitəsilə bir çox layihələr icra ediləcək”.
Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amil olduğunu diqqətə çatdıran cənab İlham Əliyev ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu təşəbbüs hərbi xarakter daşımır, əksinə, preventive və koordinasiyaedici məqsəd daşıyır: ortaq təhlükələrə kollektiv cavab mexanizmlərinin yaradılmasını və müdafiə sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
“2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı”. Prezident İlham Əliyevin söylədiyi bu fikirlər bir daha təsdiq edir ki, Azərbaycanın atdığı addımlar, irəli sürdüyü sülh gündəliyi təkcə regionda deyil, dünyada sülhə və təhlükəsizliyə xidmət edən fəaliyyətdir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu gün TDT artıq qarşılıqlı hörmət və suveren seçim prinsiplərinə əsaslanan kollektiv təhlükəsizlik, iqtisadi inkişaf, humanitar əməkdaşlığı özündə birləşdirən ciddi sistemdir, - deyə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib.