07 oktyabr 2025-ci ildə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü baş tutdu. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər.
Prezident İlham Əliyev Zirvə Görüşündə iştirak edən başçıları mehribanlıqla qarşılayaraq, hər kəsi salamladı. Zirvə Görüşünün Qəbələdə təşkil edilməsi münasibətilə Ölkə Başçısı Qəbələ haqqında qonaqlara qısa məlumat verərək, VIII əsrə qədər Qəbələnin Qafqaz Albaniyasının paytaxtı olduğunu da vurğuladı.
Çıxış zamanı Prezident İlham Əliyev Qırğız Respublikasına Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiklərinə görə öz səmimi təşəkkürlərini bildirdi.
Prezident İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı əməkdaşlıq platforması olmaqla yanaşı, ciddi geosiyasi mərkəzlərdən birinə çevrilməkdədir.
Azərbaycan rəhbərliyi TDT-nın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb. Prezident İlham Əliyev bunun ardınca qeyd etdi ki: “Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib faktora çevirir”.
Ölkə Başçısı İlham Əliyev 12-ci Zirvə Görüşündə çıxışı zamanı təhlükəsizlik məsələlərinə də toxunaraq, bu gün dünyada baş verən proseslərə diqqəti yönəltdi. Bu gün ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Prezident son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlərin keçirildiyini də qeyd etdi. Bununla əlaqədar olaraq, 2026-cı ildə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi də görüş zamanı təklif edildi.
Çıxış zamanı Prezident İlham Əliyev 2025-ci ilin avqust ayında Ağ Evdə Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişindən, həmin sazişin Qafqazı sülh məkanına çevirəcəyindən də söhbət saldı. Prezident İlham Əliyev Vaşinqtonda təşkil edilmiş görüşdə əsas məsələlərdən biri olan Zəngəzur dəhlizinin açılmasına da diqqəti yönəldərək, qeyd etdi ki, “Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir”.
Bu gün görülən işlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyət daşıdığı qeyd edildi. Bundan başqa həmin işlərin Türk dünyasında nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə qlobal əhəmiyyətli layihələrin icrası ilə nəticələnəcəyi də görüş zamanı diqqətə çatdırıldı.
Azərbaycanın Türkiyə və Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolu oynadığı da görüş zamanı bildirildi.
Ölkə Başçısı İlham Əliyev çıxışı zamanı Günəş, külək və su elektrik enerjisi məsələsinə toxunaraq, bu istiqamətdə böyük sərmayələrin qoyulduğunu, bundan əlavə Azərbaycanın hazırda 14 ölkəyə təbii qaz ixrac etdiyini qeyd etdi. Hazırda Azərbaycanın coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında birinci yerdə olduğu da iştirakçıların diqqətinə çatdırıldı.
Son illər ərzində görülən bütün işlərin Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və regionun dayanıqlı inkişafına mühüm təsir göstərəcəyi də Zirvə Görüşündə qeyd edildi.
Ölkə Başçısı İlham Əliyev TDT-na üzv olan bütün dövlətlərə Azərbaycana bütün sahələrdə göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirərək, qeyd etdi ki, “əminəm ki, növbəti illər ərzində də biz hamımız ECO-nun gələcək inkişafına töhfələrimizi verəcəyik”.
Prezident İlham Əliyev çıxışının sonunda hər kəsə öz dərin təşəkkürlərini çatdırdı. 12-ci Zirvə Görüşündə Ölkə Başçısı İlham Əliyevin çıxışının ardınca digər dövlət və hökumət başçıları çıxış etdilər.
Görüşün sonunda Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Bəyannaməsi imzalandı.
Zirvə Görüşü çərçivəsində Füzulidə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun təklif etdiyi məscidin təməlqoyma mərasimi də həyata keçirildi.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllimi