"Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Dövlət Başçıları Zirvə Görüşü regiona və dünyaya güclü mesajlar verdi. Toplantı, Türk Dövlətləri Təşkilatının institusional gücünü və strateji vizyonunu nümayiş etdirən tarixi bir hadisə kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib.Onun sözlərinə görə, Qəbələ Bəyanatı Türk dünyasının ortaq gələcəyi üçün bir növ yol xəritəsi rolunu oynayır. Yetişmiş insan potensialı, zəngin təbii ehtiyatları, inkişaf edən iqtisadiyyatları və strateji coğrafi mövqeləri ilə Türk dövlətləri artıq qlobal miqyasda yeni bir güc mərkəzinə çevrilir: "Zirvə görüşündə regional sülh, sabitlik və həmrəylik vurğulanıb. Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının dərinləşdirilməsi qərara alınıb. Eyni zamanda, Zəngəzur Dəhlizi, enerji əməkdaşlığı və ortaq əlifba kimi strateji layihələrə dəstək bir daha təsdiqlənib. Kıbrıs türklərinə və Fələstin xalqına həmrəylik mesajları ön plana çıxıb. Ümumilikdə, Qəbələ Zirvəsi Türk dünyasının ortaq iradəsini, müstəqil mövqeyini və beynəlxalq arenadakı artan təsirini nümayiş etdirən tarixi dönüş nöqtəsi kimi yadda qalıb. Qəbələ Bəyanatında üzv dövlətlər bir-birinin suverenliyinə və sərhəd bütövlüyünə hörmət göstərəcəklərini, heç bir ölkənin digərinin daxili işlərinə qarışmayacağını öhdələrinə götürüblər. Ortaq tarix, dil, mədəniyyət və ənənələr əsasında Türk kimliyinin möhkəmləndirilməsi və mədəni irsin qorunması məqsəd qoyulub.Üzv ölkələr arasında strateji münasibətləri institusional əsasda gücləndirəcək “Strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında saziş”in tez bir zamanda tamamlanması qərara alınıb. Təhlükəsizlik, terrorla mübarizə və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi, məlumat mübadiləsi və potensialın artırılması üzrə mexanizmlərin yaradılması razılaşdırılıb.Ulaşım və enerji sahəsində Zəngəzur Dəhlizinin və Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi, Orta Asiya–Azərbaycan “yaşıl enerji koridoru” layihəsinin dəstəklənməsi, 2026-cı ildə TDT-SAT kub peykinin birgə orbitə buraxılması, həmçinin nəqliyyat infrastrukturunun və logistika şəbəkələrinin inteqrasiyası planlaşdırılıb. İqtisadi və maliyyə istiqamətində Türk İnvestisiya Fondunun fəal şəkildə işə salınması, üzv ölkələr arasında ticarət və investisiya imkanlarını asanlaşdıran sazişlərin həyata keçirilməsi nəzərdə tutulub. Mədəni sahədə ortaq əlifba üzərində işlərin başlanması, Cengiz Aytmatovun əsərlərinin və “Oğuznamə”lərin bu əlifba ilə nəşri, “Ortaq Muzey Kartı” layihəsinin tətbiqi və 1926-cı il Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə ortaq tədbirlərin təşkili qərara alınıb.TÜRKSOY-un gücləndirilməsi, TDT+ formatında xarici tərəfdaşlarla əməkdaşlıq mexanizminin qurulması və Türkmənistanın Türk Akademiyası ilə Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi üzv kimi qoşulması da qəbul edilən qərarlar sırasındadır. Kıbrıs və Fələstin məsələlərinə dair ədalətli mövqe bir daha ifadə olunub. Kıbrıs türklərinin bərabər hüquqları vurğulanıb, ədalətli həllə çağırış edilib. Qəzzədəki humanitar böhran diqqətə çatdırılaraq, 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması dəstəklənib".
Müəllif: Ziya Hikmətoğlu