Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, təhlükəsizlik hər bir ölkənin mövcudluğu və inkişafı üçün əsas şərtdir. Dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və ictimai sabitliyi qorumaq üçün güclü təhlükəsizlik sistemi vacibdir. Təhlükəsizlik olmadan nə sosial, nə iqtisadi, nə də siyasi sahədə davamlı inkişafdan danışmaq mümkün deyil. Müasir dövrdə dövlətlər bir çox çağırışlarla qarşı-qarşıya qalır: terrorizm, separatizm, kibertəhlükələr, regional münaqişələr və digər risklər təhlükəsizliyin təmin edilməsini birinci dərəcəli məsələ kimi önə çıxarır. İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, Azərbaycanın inkişafı üçün sabitlik əsas şərtdir və bu sabitlik təhlükəsizlik orqanlarının və ümumilikdə dövlətin məqsədyönlü siyasəti sayəsində qorunur. Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə həm də milli təhlükəsizliyin güclü əsaslara söykəndiyini nümayiş etdirdi. Müstəqil xarici siyasət yürüdən Azərbaycan regionda sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış etsə də, daim hərbi və siyasi cəhətdən hazır vəziyyətdə qalmağı prioritet hesab edir. İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna ayrılan diqqət, sərhədlərin mühafizəsi, daxili sabitliyin qorunması və müasir texnologiyaların tətbiqi təhlükəsizlik sisteminin daha da güclənməsinə səbəb olub. Digər tərəfdən, daxili təhlükəsizlik ictimai asayişin qorunması və vətəndaşların təhlükəsiz yaşaması baxımından əhəmiyyətlidir. Əgər bir ölkədə insanlar sabahına əmin deyilsə, sərmayə qoyuluşu dayanır, sosial layihələr icra olunmur, təhsil və səhiyyə sistemi iflic vəziyyətə düşür. Buna görə də Prezident İlham Əliyev təhlükəsizliyi həm də sosial rifahın və iqtisadi inkişafın təməli kimi qiymətləndirir. Ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti beynəlxalq investorlar üçün də cəlbedici şərait yaradır. Bu da öz növbəsində Azərbaycanın iqtisadi potensialının artmasına, yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaradır. Prezident İlham Əliyevin "Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil" fikri təkcə bir siyasi tezis deyil, bu, müasir Azərbaycanın inkişaf modelinin əsas dayağıdır. Dövlət təhlükəsizliyi ilə bağlı strateji yanaşmalar və çevik qərarların qəbulu ölkəmizin müstəqilliyini daha da möhkəmləndirir və gələcəyə inamla irəliləməsini təmin edir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının mühasibi