2025-ci ilin 7 oktyabr tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının siyasi tarixində yeni bir mərhələ açdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu çıxışı təkcə Türk birliyinin gələcəyi üçün deyil, həm də beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitlik baxımından strateji əhəmiyyət daşıdı. Cənab Prezidentin nitqi Qəbələ Zirvəsini Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi prosesində əsas dönüş nöqtəsi kimi tarixə yazdı.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq münasibətlər sistemində ciddi geosiyasi mərkəzlərdən birinə çevrilməkdədir. Bu gün türkdilli ölkələr təkcə mədəni və tarixi bağlarla deyil, həm də siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində ortaq strateji maraqlarla birləşirlər.Azərbaycanın səyləri nəticəsində TDT artıq regional əməkdaşlıq platformasından qlobal səviyyədə nüfuza malik müasir inteqrasiya modelinə çevrilib. Qəbələ Zirvəsi bu birliyin gələcək istiqamətlərini müəyyənləşdirən tarixi sənədlərin qəbul olunduğu toplantı oldu.
Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan TDT Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb.
Bu addım Azərbaycanın Türk dünyasında həm mənəvi, həm də institusional liderliyini bir daha təsdiqlədi. Bakı bu vəsaitlə Təşkilatın effektiv idarəetmə mexanizminin formalaşmasına, ortaq layihələrin maliyyələşdirilməsinə və inteqrasiya proqramlarının genişlənməsinə töhfə verir. Dövlət başçısı nitqində sülh və təhlükəsizlik məsələsinə xüsusi önəm verdi. “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.”
Cənab Prezidentin bu fikri Azərbaycan modelinin əsas fəlsəfəsini əks etdirir. Müharibədən sonra regionda sabitliyin bərqərar edilməsi, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məhz sülh gündəliyinin mərkəzində dayanır. Qəbələdən verilən bu mesaj TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının qurulmasına çağırış idi.
Cənab Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə bu fikrin praktik təsdiqidir. Dövlət başçısının çıxışında vurğulandı ki, Türk dünyasının gücü yalnız iqtisadi və mədəni sahələrdə deyil, həm də müdafiə və təhlükəsizlik potensialında özünü göstərməlidir. Bu baxımdan, TDT çərçivəsində müdafiə sənayesi və təhlükəsizlik əməkdaşlığı istiqamətində yeni təşəbbüslərin irəli sürülməsi zəruridir.
Cənab Prezident qeyd etdi ki, Azərbaycanın atdığı addımlar onun sülh gündəliyinə sadiqliyini bir daha sübut edib. Prezident İlham Əliyev TDT dövlətlərini birgə səylərlə bölgədə uzunmüddətli sülhün təmininə dəvət etdi. Qəbələ Zirvəsində səsləndirilən bu mesaj Cənubi Qafqazda sülh prosesinin davamlı və ədalətli şəkildə irəliləməsi üçün Türk dünyasının dəstəyini ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında xüsusi yer alan məqamlardan biri nəqliyyat və kommunikasiya əlaqələrinin TDT çərçivəsində strateji əhəmiyyətə malik olması idi.
Azərbaycan artıq Zəngəzur dəhlizi, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat xətti kimi qlobal logistika layihələrinin mərkəzinə çevrilib. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu layihələr Türk dünyasını Avropa ilə Asiyanı birləşdirən əsas tranzit platformasına çevirəcək.
Cənab Prezident İlham Əliyev Vaşinqton Zirvəsində əldə olunan razılaşmalara toxunaraq, Zəngəzur dəhlizinin açılmasını Türk dünyası üçün strateji nailiyyət adlandırdı. Bu dəhliz Türk dövlətləri arasında birbaşa quru əlaqəsini təmin edəcək, regionda iqtisadi inteqrasiyanı və siyasi həmrəyliyi gücləndirəcək. Azərbaycan bu istiqamətdə həm infrastruktur, həm diplomatik səviyyədə vacib addımlar atır.
Azərbaycan artıq Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Cənab Prezident İlham Əliyev vurğuladı ki, “yaşıl enerji” sahəsində əməkdaşlıq TDT üçün gələcəyin əsas prioritetlərindən biridir. Bu, həm iqlim dəyişikliklərinə qarşı mübarizə, həm də enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Türk dövlətləri arasında yeni sinerji yaradır. Cənab Prezident İlham Əliyevin çıxışının sonunda səsləndirdiyi fikirlər bütün çıxışın ideoloji qayəsini əks etdirdi. “Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir.” Bu cümlə Qəbələ Zirvəsinin rəmzinə çevrildi. Türk dövlətlərinin qarşılıqlı hörmət, birgə inkişaf və ortaq gələcək ideyası üzərində birləşməsi bu ailənin gücünü artırır. Azərbaycan bu ailənin mərkəzi sütunu və siyasi liderlərindən biri kimi çıxış edir.
Nəticə etibarı ilə, Qəbələ Zirvəsi göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq qlobal miqyasda söz sahibi, təşəbbüskar və strateji güc mərkəzi kimi tanınır. Cənab Prezident İlham Əliyevin çıxışı həm ideoloji, həm siyasi, həm də praktiki baxımdan bu birliyin gələcək xəritəsini müəyyənləşdirdi. Azərbaycan öz liderliyi, iqtisadi potensialı və siyasi sabitliyi ilə Türk dünyasının sülh, inkişaf və birlik modelinin lokomotivi kimi çıxış etməyə davam edir.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatı “ Akim Abbasov küç.73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri