Türk dünyasının birliyi bu gün artıq gercəklikdir. Türkdili dövlətlər arasında birliyin möhkəmləndirilməsində Azərbaycanın rolu daim vurğulanır və yüksək dəyərləndirilir. Ölkəmizin türk dünyasına ünvanladığı “Biz birlikdə güclüyük!” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur.
Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Prezident həmin Zirvə zamanı bəyan etmişdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısında yalnız regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu.
Oktyabrın 7-də Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü keçirildi. Zirvə Görüşündəki çıxışında Türk dünyasının birliyinə yönələn addımlardan geniş bəhs edən cənab İlham Əliyev bildirdi ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır. Bu məqam da diqqətə çatdırıldı ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Dövlət başçısı İlham Əliyev Qəbələ Zirvə Görüşündə onu da vurğuladı ki, sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Azərbaycan atdığı addımları ilə Türk dünyasının birliyində, həmrəyliyində öz sözünü deyir. Qəbələ Zirvə Görüşü bu birlikdə yeni bir səhifənin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri