“Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.” Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündəki çıxışında Prezident İlham Əliyev onu da qeyd etdi ki, ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.Bütün dövrlər üçün öz aktuallığını saxlayan və əsas çağırış kimi diqqətdə olan bu məsələ də önə çəkildi ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Türk Dövlətləri Təşkilatının təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması, təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Reallıq budur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.
Ümumilikdə Türk dünyasının birliyi Azərbaycanın xarici siyasətində əsas yer tutur. 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Təşkilatın Naxçıvandan başlanan inkişaf yolu bu gün qlobal siyasətdə mühüm amilə çevrilir. Həmin Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O zaman sənədi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Prezidentləri imzalamışdılar. İllər keçdikcə, xüsusilə Azərbaycanın və Türkiyənin liderliyi sayəsində quruma üzv ölkələr arasında əlaqələr daha da genişləndi. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü mühüm məqamları ilə diqqətdə oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi haqqında, Türkmənistana təşkilatda müşahidəçi statusunun verilməsi haqqında, Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar qəbul edildi. Azərbaycan təşkilata sədrlik etdiyi 2019-2021-ci illərdə fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə səy göstərdi. Bu müddətdə türkdilli dövlətlərin birliyinin daha da dərinləşdirilməsinə xidmət edən konfranslar, Zirvə görüşləri keçirildi, mühüm qərarlar qəbul edildi. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi dövrə təsadüf etdi. Azərbaycanın, Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyası ilə bağlı Türk Şurasının Zirvə görüşünün keçirilməsi qlobal problemin həllində səylərimizin daha da birləşdirilməsinə böyük töhfə oldu. 44 günlük İkinci Qarabağ müharibəsi Türk dünyasının birliyini daha da möhkəmləndirdi. Bu gün keçirilən Zirvə görüşləri türk birliyinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyev Qəbələ Zirvə Görüşündəki çıxışında bu əminliyi ifadə etdi ki, qəbul etdiyimiz qərarlar təşkilatın mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcək.
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri