PDF Oxu

Siyasət

  • 1 293

Çoxşaxəli tərəfdaşlıq və ortaq maraqlar

image

Oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə Görüşü Türk dünyasının birliyi, həmrəyliyi və strateji əməkdaşlığının dərinləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edib.

Tədbirdə üzv və müşahidəçi dövlətlərin liderləri, yüksək səviyyəli nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Zirvə Görüşündə siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə sənayesi, mədəniyyət, təhsil,humanitar və regional təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub. Türk Dövlətləri Təşkilatı bu gün təkcə əməkdaşlıq platforması deyil, eyni zamanda regional və qlobal əhəmiyyətə malik geosiyasi mərkəz kimi formalaşıb. Zirvə Görüşünün qərarları təşkilatın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycan Türk dünyası üçün tarixi və strateji əhəmiyyət kəsb edən Türk Dövlətləri Təşkilatı artıq yalnız əməkdaşlıq platforması olmaqla kifayətlənmir, həm də qlobal səviyyədə ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq arenada nüfuzunun artması sevindirici hal olmaqla yanaşı, eyni zamanda, Türk dünyasının birliyinin və həmrəyliyinin bariz göstəricisidir. Ortaq tariximiz, etnik köklərimiz və milli-mənəvi dəyərlərimiz Türk dünyasını bir ailə kimi birləşdirir. Bu birliyin möhkəmlənməsi isə regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Ölkəmiz təşkilatın fəaliyyətinə dəstək məqsədilə Türk Dövlətləri Təşkilatı Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Bu addım Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi yüksək önəmin və Türk dünyasında əməkdaşlığın gücləndirilməsinə töhfə vermək əzminin göstəricisidir. Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin davamlı inkişafı, sosial rifahı və siyasi sabitliyi üçün əsas amillərdən biridir. Dünyada gedən mürəkkəb geosiyasi proseslər fonunda dövlətlərin sabitliyinin qorunması, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və dinc şəraitdə inkişafı xüsusi strateji əhəmiyyət daşıyır.
Sülh mühiti iqtisadiyyatın güclənməsi, təhsilin və elmin inkişafı, sosial rifahın yüksəldilməsi üçün münbit zəmin yaradır. Məhz bu səbəbdən təhlükəsizliyin təmin edilməsi və sülhün qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Türk Dövlətləri Təşkilatının təməlini təşkil edən Naxçıvan Sazişi sülhün qorunması və təhlükəsizliyin təmin edilməsini təşkilatın əsas məqsəd və vəzifələri sırasına daxil edir. Bu, təşkilatın yaranışından etibarən regional sabitlik və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bir daha təsdiqləyir. Dünyanın üzləşdiyi hazırkı mürəkkəb geosiyasi proseslər və təhlükəsizlik çağırışları fonunda bu məsələnin aktuallığı daha da artır. Qlobal və regional səviyyədə yaranan yeni reallıqlar fonunda türk dövlətlərinin vahid mövqedən çıxış etməsi, həm siyasi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsi də bu istiqamətdə strateji hədəflərimizi aydın şəkildə ortaya qoymuşdur. Həmçinin bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması türk dövlətlərinin birliyinin və həmrəyliyinin regional sabitlik üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirir.
Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi təkcə regionun təhlükəsizliyinin möhkəmlənməsinə deyil, həm də beynəlxalq sülhə və sabitliyə töhfə verən strateji amilə çevrilir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi Zəfəri ilə torpaqlarımızın böyük bir hissəsi işğaldan azad edildi. 2023-cü ildə həyata keçirilmiş qətiyyətli 2023 Qarabağ antiterror tədbirləri isə ölkəmizin ərazi bütövlüyünün tam bərpası ilə nəticələndi. Bununla da 30 il davam edən işğala son qoyuldu, Azərbaycanın suverenliyi əzəli torpaqları üzərində tam şəkildə təmin olundu.
Bu tarixi nailiyyət təkcə Azərbaycanın milli iradəsinin, siyasi qətiyyətinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. Qazanılmış qələbə regional təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar yaradaraq, Cənubi Qafqazda dayanıqlı sülhün əsasını qoyub.
İki ay öncə Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması bu prosesin mühüm mərhələsidir. Sazişin imzalanması Cənubi Qafqazın uzun illər davam edən münaqişələrdən sonra sülh və əməkdaşlıq məkanına çevrilməsinə real zəmin yaradır.
Həmçinin Vaşinqton Zirvəsi çərçivəsində, ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, 1 sentyabr tarixində ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin formal qalıqları da tamamilə aradan qaldırılmışdır.
Bu addımlar Azərbaycanın bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təmininə yönəlmiş ardıcıl və məqsədyönlü siyasətinin növbəti real nəticəsi kimi qiymətləndirilir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər sahələrdə böyük potensialından istifadə məqsədilə görülən işlər artıq qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycanın bu prosesdə fəal iştirakı regional və beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından xüsusi önəm daşıyır. Azərbaycan Şimal və Cənub nəqliyyat dəhlizlərinin aktiv iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Bu strateji mövqe Azərbaycanı regionda ticarət, tranzit və logistika sahələrində aparıcı mərkəzə çevirir. Azərbaycanı yalnız regional deyil, eyni zamanda beynəlxalq səviyyədə mühüm nəqliyyat və tranzit mərkəzlərindən birinə çevirib. Ölkəmizin bu istiqamətdə əldə etdiyi uğurlar həm iqtisadi inkişafı sürətləndirir, həm də Türk dünyasının birliyini və əməkdaşlığını möhkəmləndirir. Şimal həm Cənub, həm də Zəngəzur dəhlisi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi xüsusi strateji əhəmiyyət kəsb edir. Bu dəhliz regional əlaqələrin möhkəmlənməsi, ticarət və tranzit imkanlarının genişlənməsi baxımından kritik rol oynayır. Sülh, regional bağlantılar və iqtisadi inkişafla sıx əlaqəli digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan bu məqsədlərin təmin edilməsində qlobal səviyyədə fəal iştirak edir və bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Prezident İlham Əliyev Zirvə görüşündə Türk dünyasının birliyinin gücləndirilməsi və Qarabağda bərpa işlərinə göstərilən qardaş dəstəyini vurğulayıb. Həmçinin 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini xüsusi vurğulayıb. Gələn il Qurultayın 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə keçirilməsi təklif edib.
Prezident İlham Əliyev bildirilib ki, Zirvə Görüşündə qəbul ediləcək qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyinin daha da möhkəmlənməsinə, xalqların rifahına və təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək.
Dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən bərpa və quruculuq işlərinə göstərilən qardaş dəstəyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb, Cəbrayılda Macarıstanın hədiyyəsi olan məktəb artıq fəaliyyətə başlayıb və ya tikintisi başa çatmaq üzrədir. Türkmənistanın hədiyyəsi olan Füzuli məscidinin təməli qoyulub, Türkiyə şirkətləri isə bölgədə genişmiqyaslı infrastruktur layihələri icra edir.
Zirvə toplantısında Prezident İlham Əliyev Azərbaycan xalqının bu qardaş dəstəyini yüksək qiymətləndirdiyi və heç vaxt unutmayacağı qeyd edib. Türk Dövlətləri Təşkilatı gələcək illərdə daha da güclənəcək və xalqlarımızın rifahı, dövlətlərimizin tərəqqisi naminə strateji əməkdaşlığın möhkəm dayaqlarından biri kimi fəaliyyət göstərəcək. Təşkilat üzv dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verir, həmçinin regional təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatının fəaliyyəti gələcəkdə üzv ölkələrin birgə layihələrinin daha effektiv həyata keçirilməsinə, strateji maraqların qorunmasına və xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan yaradacaq.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Digər xəbərlər