Cari ilin oktyabr ayının 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Əlbəttə ki, keçirilən tədbir mahiyyəti ilə yanaşı, məkanı ilə də diqqət çəkir. Bu dəfə Zirvə Görüşünə Bakı deyil, Qəbələ şəhəri şahidlik etdi. Bu bir daha təsdiqlədi ki, dayanıqlı inkişafı ilə daim diqqətdə olan Azərbaycanın hər bir bölgəsi beynəlxalq tədbirlər üçün ideal məkan ola bilər. Türk dünyasının birliyinə fərqli məkanlardan şahidlik etmək isə özündə mühüm çağırışları əks etdirir.
Qeyd edək ki, “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən Zirvə Görüşü yalnız formal protokol tədbiri deyil, həm də Türk dünyasının gələcək konturlarının, ortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edildiyi tarixi hadisədir. Zirvə Görüşü çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları bir araya gələrək, sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirdilər, əldə olunmuş nailiyyətləri müzakirə etdilər və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdilər. Türk dövlətləri arasında həmrəylik, inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi Türk Dövlətləri Təşkilatını getdikcə mötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünya ölkələri bu birliyi regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edir.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusu verilib. 2021-ci il noyabrın 12-də isə İstanbulda keçirilən 8-ci Zirvə toplantısında təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması barədə qərar qəbul edildi. Bu sadəcə ad dəyişikliyi deyil, təşkilatın siyasi yetkinləşməsini və beynəlxalq institut kimi fəaliyyət göstərməyə hazırlığını simvolizə edən inteqrasiyanın yeni səviyyəsinə keçid idi.
Xüsusi olaraq vurğulamalıyıq ki, keçirilmiş bütün görüşlər türk dövlətlərinin müəyyən sahələrdə birgə addım atmalarını təmin etməklə əlaqələrin daha da möhkəmlənməsinə əlavə stimul verir. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əhəmiyyətindən, son dövrlərdə qarşılıqlı əməkdaşlığın inkişafından, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesindən və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və abadlıq işlərinə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin verdiyi töhfələrdən bəhs edərək öz minnətdarlığını bildirdi.
Azərbaycanın son illərdə xarici siyasətdə atdığı uğurlu addımlar və ölkəmizin əldə etdiyi nailliyyətlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırmış və Azərbaycan regionda söz sahibi ölkələrdən birinə çevrilmişdir. Xarici siyasətimizin əsasını dünya və region ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq təşkil edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə əməkdaşlıq xarici siyasətimizin əsas istiqamətlərindən birini təşkil etməkdədir. Bu münasibətlərdə diqqətçəkən məqam həm də odur ki, türkdilli ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin mənafeləri nəzərə alınır, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq məsələsi hər zaman önə çəkilməkdədir.
Azərbaycanın ev sahibliyi onun Türk Dövlətləri Təşkilatı məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir.Türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir.
Sözsüz ki, Türk Dövlətləri Təşkilatı mövcud geosiyasi reallıqlar konteksində Şərq-Qərb sivilizasiyaları arasında körpü rolunu oynayaraq Avrasiya coğrafiyasında sülhün, sabitliyin, sıx əməkdaşlıq formatlarının yaranmasında ciddi rol oynayır. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır.
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri